RU

İnsan, ağıl və zəka...


Zəka sözünün lüğətdəki mənası əsasən “parlaqlıq” və ya “kəskinlik” deməkdir. Fəlsəfi mənada isə zəka insanın özünü və onu əhatə edən kainatı beş hiss üzvü ilə dərk etməsidir. Hadisələri müşahidə etmək, analiz etmək və sintez etmək qabiliyyəti (həmçinin, buraya müdaxilə etmək qabiliyyətini də daxil etmək olar) zəka hesabına baş verir. İnsanın beş hiss üzvündən maksimum istifadə etmək bacarığı da məhz zəka ilə mümkündür.
İnsan zəkası şüur, ağıl, vicdan, intuisiya və yaddaş kimi amillərlə sıx bağlıdır. Buna görə də, abstrakt mülahizələrlə insan zəkasını analiz etmək qeyri-mümkündür. İnsan zəkasının insanın mahiyyətindəki digər mənəvi amillərlə birbaşa bağlı olması zəka məfhumunun ən azı bir neçə tərifi olduğunu göstərir. Həmçinin, insanda (o cümlədən bəzi heyvanlarda da) zəka və qabiliyyət arasında sıx əlaqə olduğu üçün müxtəlif zəka tiplərindən də söhbət açmaq olar (sosial zəka, musiqi zəkası, riyazi zəka və s.). Digər tərəfdən, ruha və zəkaya malik olan varlıqların şüurlu və ağıllı olması şərt deyil. Məsələn, heyvanlar müəyyən bir zəka səviyyəsinə malik olsalar da, ağıldan məhrumdurlar. Başqa sözlə, heyvan zəkası insan zəkasından fərqlidir.
Bəs heyvanlarda öyrənmək qabiliyyəti varmı? Ümumi nəzər saldıqda heyvanlar qarşılaşdıqları qoxu, dad, əşya və ya hərəkətlə yenidən qarşılaşdıqda reflektiv reaksiya göstərirlər. Yəni, onların bu reaksiyalarında ağıl rol oynamır. Başqa sözlə, heyvanın yaddaşı da insanın yaddaşından fərqlidir. Məlumatlar yaddaşa zəka, hiss, intuisiya, analiz və sintez vasitəsi ilə gəlir. Bizim üçün mühüm olmayan məlumatlar yaddaşa daxil olmur. Çünki bu məlumatlar üçün xüsusi diqqət sərf edilmir. Buna görə də, insanın struktur və fəaliyyət baxımından özünəməxsus bir zəkaya malik olduğunu deyə bilərik.
Bundan başqa, zəka və psixologiya (həmçinin, təfəkkür qabiliyyəti) arasında sıx əlaqə var. Zəkalı olsa da, uşaqlıqda aldığı tərbiyənin mənfi təsiri nəticəsində sosiallaşmamış, qapalı qalmış, özünə inamı olmayan insanların sərbəst düşündüklərini, başqa sözlə zəkalarını sərbəst inkişaf etdirdiklərini demək çox çətindir. Burada Eynşteynin uşaqlıq dövrünü misal göstərmək olar. Məktəb illərində Eynşteynə utancaq olduğu üçün “Bidermeyer” ləqəbini vermişdilər. Çünki Eynşteyn verilən suallara səhv cavab verməmək üçün əvvəlcə düşünür, sonra cavab verirdi. Hətta bir dəfə ata-anası onun xəstə olduğunu da düşünmüşdü. Bu, Eynşteynin dəmir rejimin hakim olduğu katolik məktəbində təhsil alması ilə bağlı idi. (Xatırladaq ki, 1880-ci illərin Almaniyasında yalnız dini məktəblər var idi). Bu misaldan göründüyü kimi insanın yetişdiyi mühitdən çox şey asılıdır. Digər tərəfdən, insanın müəyyən ideya sahibi olması onun şəxsiyyətinin formalaşmasında, özünə inamının artmasında çox mühüm rol oynayır. Ancaq bəzi hallarda yuxarıdakının əksini də müşahidə etmək olar. Özünə həddindən artıq inanan, güclü analiz qabiliyyəti olan, ancaq bütün bunları sintezləşdirə bilməyən insanlar da var. Onlar əsas etibarı ilə həyatda heç bir nəticəyə nail olmur, daha doğrusu, bu barədə heç bir şey düşünmürlər. Çox vaxt tənqidə üstünlük verirlər. Burada onların xarakterik cizgilərinin, həmçinin aldıqları tərbiyənin də böyük rolu var. Ağla gəlincə isə, ərəb dilində müxtəlif mənalar verən ağıl sözü “bağlamaq” deməkdir. Burada “bağlamaq” bir-birinə uyğun olan iki əşya və ya iki məfhum arasında əlaqə qurmaqdır. Məsələn, “qələm” və “yazmaq” sözləri arasında müəyyən əlaqə var. Buna görə də, “qələm yazır” ifadəsində qeyri-adi heç bir şey yoxdur.
Zəka və ağlın mahiyyət və funksiyaları müxtəlifdir. Ağıl düşünmək, mühakimə etmək, hökm çıxarmaq üçündür. Çünki ağıl, eyni zamanda müəyyən iradəyə malikdir. Zəka isə iradəyə malik deyil və yalnız ağlın fəaliyyəti üçün zəruri məlumatları toplamaqla məşğuldur. Zəka beş hiss üzvü, həmçinin intuisiya yolu ilə daxil olan məlumatları qəbul edərək ağla ötürür. Ağıl isə öz növbəsində bütün bunların subyektiv şərhini verir. Bunu, həmçinin insanın iradəsini göstərməsi kimi də izah etmək olar.
Ağıllı olmaq üçün zəka şərtdir, zəkalı olmaq üçün isə ağıl şərt deyil. Zəka ağlın mühərrikidir. Bu mühərrikdən necə istifadə etmək isə ağıldan asılıdır. Başqa sözlə, zəka mühərrikə, ağıl isə sükana bənzəyir. Mühərrik nə qədər yaxşı olsa da, sükan ondan istifadə edə bilmirsə, heç bir mənası yoxdur. Nəticə etibarı ilə mühakimə etmək üçün düşünmək, düşünmək üçün isə zəka lazımdır. Ancaq hər düşünəni ağıllı saymaq olmaz.
Digər tərəfdən, insan ağlının yaradılmasındakı əsas qayəni onun Yaradanını tanıması kimi də izah etmək olar. Ağlın bütün başqa fəaliyyətləri də bu nəticəni əldə etmək baxımından mühümdür. Çox zəkalı olduğu halda dünyada bu nəticəni əldə edə bilməyən nə qədər insan var. Burada müəyyən mənada fəlsəfə-hikmət müxtəlifliyini də görə bilərik. Məsələn, Quranın “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün faydalı şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağış yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, ağıl və düşüncə sahibi olan insanlar üçün Allahın hikmət və qüdrətinə dəlalət edən əlamətlər var”. (2/164) ayəsi zəkanın fəaliyyət dairəsini məhdudlaşdıraraq ağlı ön plana çıxarır. Ona görə də, Quran “zəka sahibləri” yox, “ağıl sahibləri” deyir. Çünki zəka ağıl üçün yalnız ilkin şərtdir. Zəka yoxdursa, ağıl da yoxdur. Əsas hədəf ağıldır. Quran ağlı əsas götürür. Çünki insan ağılla mühakimə edir. Ona görə də, təfəkkür bu mənada zəkanın həqiqəti axtarmasıdır. Başqa sözlə, ağıl zəkanın fəaliyyəti nəticəsində toplanan məlumatların arxasındakı hikməti görür, yəni, təkcə quru məlumatla kifayətlənmir. Zəka reallığı, ağıl isə həqiqəti dərk etmək üçün yaradılmışdır. Həqiqəti yalandan, yaxşını pisdən, düzü əyridən yalnız ağıl ayırd edə bilir. Buna görə də, sağlam mühakimə üçün ağıl mütləq hisslərdən ön plana keçməlidir. Ağlı hissini üstələyən insanlar üçün həqiqət birdir. Əks halda, insanların sayı qədər həqiqət olardı. Nəticə etibarı ilə zəka ağıl üçün manevr sahəsidir. Qalan şeylər isə insanın niyyəti ilə bağlıdır.
P. S. “Zəka ağlın güzgüsüdür”.

Murad Məmmədov
Избранный
36
21
yeniavaz.com

10Источники