RU

Elçin Mustafayev: Baş rəssam kimi İstanbulun müxtəlif miniatür parklarının yaradılmasında iştirak etmişəm

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 3 may, AZƏRTAC

İstanbulda açılan sərgimdə təqdim edilən “Şəhərin yaddaşı” mövzusunu işləməkdə əsas məqsədim bu şəhərdə yaşadığım illər ərzində buranın məndə yaratdığı xüsusi təəssüratları ifadə etməkdir. İstanbul dünyanın mərkəzlərindən biri kimi həm tarixi memarlıq abidələri, həm də möhtəşəm şəhər quruluşu ilə hər kəsin diqqətini cəlb edir. Lakin mənim üçün bu şəhərin ən təsirli tərəfi onun axşam görüntüləri idi. İstanbulda axşam gəzintiləri zamanı bir gün bu ab-havanı rəsmlərimdə əks etdirməyi düşünürdüm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbulda fərdi sərgisi açılan azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayev ifadə edib.

2012-ci ildən Türkiyədə yaşadığını, bunun altı ilini İstanbulda keçirdiyini deyən rəssam bu dövr ərzində İstanbulun miniatür parklarında baş rəssam kimi işləyərək müxtəlif park layihələri həyata keçirdiyini bildirib.

“Əsərlərimdən bəziləri hazırda sərginin açıldığı Hasan Sarıtaş Qalereyası tərəfindən satın alınaraq müxtəlif sərgilərdə nümayiş etdirilib. Bundan ilhamlanaraq fərdi sərgi təşkil etmək qərarına gəldik. Mən hər kəsin gördüyü İstanbula fərqli – axşam işıqları və atmosferi prizmasından yanaşmağa çalışdım və qalereya da bu sərgiyə ev sahibliyi etdi. Sərgidə ümumilikdə yağlı boya və akril texnikasında işlənən 16 əsər təqdim olunur. Rəsmlərdə İstanbulun simvolik məkanları – Qalata və Qız qüllələri, Rumeli Hisarı, Sultanahmet, Ayasofya, Haydarpaşa, Bebek və Ortaköy kimi tarixi abidələri, bölgələr yer alır. Bundan sonra da bu seriya üzərində işləməyə davam edəcəyəm. Yeni əsərlər yaratmağı və onları fərqli şəhərlərdə keçiriləcək sərgilərdə nümayiş etdirməyi planlaşdırırıq”, - deyə rəssam bildirib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
35
azertag.az

10Источники