RU

Regionda gərginlik artır, yeni müharibə ehtimalı qalır

Yaxın Şərqdə artan gərginlik və qlobal güclər arasında davam edən siyasi-hərbi qarşıdurmalar fonunda bölgədə vəziyyətin necə inkişaf edəcəyi ciddi müzakirə mövzusuna çevrilib. ABŞ, Rusiya və İran kimi aktorların mövqeləri, eləcə də mümkün gizli danışıqlar və hərbi hazırlıq siqnalları prosesin qeyri-müəyyənliyini daha da artırır.

Mövzu ilə bağlı politoloq Əli Mustafa öz fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, hazırda tərəflər hələlik irəli sürülən təklifləri qəbul etmək istiqamətində ciddi iradə nümayiş etdirmirlər.


Onun sözlərinə görə, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Trump tərəfindən səsləndirilən təşəbbüslərə münasibət birmənalı deyil və rəsmi razılaşma görünmür.

Politoloq qeyd edib ki, bununla belə, pərdəarxası danışıqların aparılması ehtimalı yüksəkdir. Müxtəlif kommunikasiya kanalları vasitəsilə təmasların davam etdiyini deyən Əli Mustafa, Vladimir Putin ilə Donald Tramp arasında baş tutduğu bildirilən uzunmüddətli telefon danışığında yalnız regional deyil, həm də İranla bağlı məsələlərin müzakirə oluna biləcəyini istisna etməyib.

Onun fikrincə, regionda hərbi aktivliyin azalması əvəzinə, əksinə, artması müşahidə olunur. ABŞ və İsrailin hərbi mövcudluğunun davam etməsi, həmçinin bölgəyə əlavə qüvvələrin göndərilməsi ilə bağlı məlumatlar yeni qarşıdurma ehtimalını artırır.

Əli Mustafa əlavə edib ki, Trampın Konqresə müharibənin müəyyən müddət ərzində dayandırılması ilə bağlı göndərdiyi məktuba baxmayaraq, bəzi ekspertlər bu addımın formal xarakter daşıya biləcəyini düşünür. Onların qənaətinə görə, müəyyən fasilədən sonra yenidən hərbi əməliyyatların başlanması ehtimalı qalır.

Politoloq bildirib ki, İranın irəli sürdüyü şərtlər kifayət qədər sərtdir və bu, zəif tərəfin mövqeyindən daha çox, münaqişənin davamına hesablanmış yanaşma təsiri bağışlayır. Onun sözlərinə görə, bu şərtlərin qəbul edilməsi faktiki olaraq İranın əsas tələblərinin yerinə yetirilməsi demək olardı.

Sonda Əli Mustafa vurğulayıb ki, hazırda proseslərdə ciddi qeyri-müəyyənlik hökm sürür və həm açıq, həm də gizli diplomatik təmasların nəticəsi hələlik konkret şəkildə ortaya çıxmayıb.

Избранный
36
news365.az

1Источники