RU

Vüqar Məmmədovun məhkəməsi başladı

BAKI, 4 may. TELEQRAF

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarından məlum olub ki, Vüqar Məmmədov orta təhsillidir. 2004-cü ildə o, dələduzluq maddəsi ilə məhkum olunub.

Prosesdə zərərçəkmiş qismində "Azərsun" holdinq və "Veysəloğlu" MMC-nin nümayəndələri iştirak ediblər.

Dövlət ittihamını prokuror Orxan Kəngərli təmsil edib.

Hakim deyib ki, dövlət hesabına təyin edilmiş vəkil Mehdi Zeynalov dəvət olunsa da, təqsirləndirilən şəxs onunla müqavilə bağlamaqdan imtina edib. Hüquqlarını vəkil Aqil Layicın təmsil etməsini istəyib.

Prosesdə dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunmasını istəyib. Zərərçəkmişlərin nümayəndələri dövlət ittihamçısı rasılaşıblar.

Daha sonra vəkil təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib. Deyib ki, hədə-qorxu ilə tələb etmə cinayətlərində hüquqi şəxslər zərərçəkmiş qismində tanına bilməz, ancaq fiziki şəxslər zərərçəkmiş qismində tanına bilər.O, cinayət təqibinə xitam verilməsini istəyib.

Bundan başqa, vəkil Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. O, bunu ziyalı olması ilə izah edib. Deyib ki, Vüqar Məmmədovun cinayət işi Prezident Adminstrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin işindən ayrıdır.

Vüqar Məmmədov isə deyib ki, onun yaxından-uzaqdan Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur. Bildirib ki, dövlət çevrilişi ittihamı ilə saxlanılsa da, sonradan ittihamı dəyişdirilib. O, barəsində olan cinayət təqibinə xitam verilməsini deyib.

Dövlət ittihamçısı isə vəsatətlərin təmin olunmamasını istəyib. Daha sonra hakimlər hazırlıq iclası ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.

Qərara görə, müdafiəçi tərəfindən verilən vəsatətlər təmin olunmayıb. Təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edilib.

Məhkəmə baxışı mayın 18-ə təyin edilib.

Qeyd edək ki, Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vüqar Məmmədov ötən ilin oktyabrın 28-də saxlanılıb.

Cinayət işi üzrə Azərsun holdinq, Veysəloğlu MMC və Azərlotereya zərərçəkmiş qismində tanınıblar.

Vüqar Məmmədov ittihamları qəbul etmir. O, daha əvvəl - 2023-cü ilin iyununda “HurriyyetTV”də yayımlanan materiala görə qadağan olunmuş məlumat yaymaq ittihamı ilə 1 ay müddətinə həbs edilmişdi.

Избранный
16
2
teleqraf.com

3Источники