RU

İranın Hörmüzlə bağlı TƏKLİF OYUNU

İran Hörmüz boğazı ilə bağlı ABŞ-yə yeni təkliflərini təqdim edib.

Təkliflər 12 maddəni özündə ehtiva edir. İran Hörmüz boğazının tamamilə onun nəzarətinə keçməsini tələb edir. Üstəlik, İsrail gəmilərinin boğazdan keçməsinə heç vaxt icazə verilməyəcəyi bəyan olunub. Eyni zamanda, 40 günlük müharibədə ABŞ-nin bazalarından istifadə etdiyi ölkələrinin də İrana savaş təzminatı ödəməyəcəyi təqdirdə, boğazdan keçidinə icazə verilməyəcəyi açıqlanıb.

Digər gəmilərin isə İran parlamentinin qanun və icazələrinə uyğun hərəkət etməsi tələb olunur. Yəni rəsmi Tehran Hörmüz boğazından keçən gəmilər üçün pul tələb edir. Hətta indiki vəziyyətdə bu məsələnin İran üçün nüvə dövlətinə çevrilməkdən daha vacib olduğunu belə deyirlər.

Maraqlıdır, İranın Hörmüz boğazı ilə bağlı bu şərtləri qəbul edilə bilərmi? İndiki vəziyyətdə adıçəkilən boğazın İranın nəzarətinə keçmə ehtimalı nə dərəcədə realdır?

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Hit.az-a açıqlamasında bildirib ki, İranın irəli sürdüyü təkliflər əvvəlkilərdən fərqlənmir, sadəcə müəyyən redaktə xarakteri daşıyır:


“Məsələn, bunlar da atəşkəs elan edildiyi zaman irəli sürülən 15 təklifin aşağı-yuxarı tərkib hissəsidir. Nədir o təkliflər paketi? 15 il müddətinə atom nüvə proqramının dayandırılması, Hörmüz boğazının fəaliyyətinə yenidən baxılması, İrana qarşı sanksiyaların götürülməsi, regional nizama yenidən baxılması, Livan ərazisində Hizbullaha qarşı hərbi əməliyyatların dayandırılması və s. Yəni burada yeni nəsə yoxdur”.

Ekspert qeyd edib ki, İran hakimiyyəti daxilində iki qüvvə var:
“Biri Qərblə danışıqlara meylli olan qüvvə, yəni Prezident Məsud Pezeşkiandır. İkinci və əsas qüvvə isə SEPAH-dır. Üstəlik, bu qüvvələrin əlində hərbi güc var. Bu baxımdan, sözügedən təklif daha çox onlara aiddir. SEPAH da İran hakimiyyəti adından təkliflər irəli sürür. Xarici işlər naziri Abbas Əraqçi əvvəllər də bu tip SEPAH-ın təkliflərini nazirliyin adından diplomatik danışıqlarda istifadə edib. 

Təkliflərdə yeni bir şey olmadığına və qəbul olunmadığına görə ABŞ-nin İran təkliflərinə müsbət cavab verəcəyi ehtimalı azdır. Hesab edirəm ki, İran təklif xatirinə təkliflər verir. Bununla göstrəməyə çalışırlar ki, guya İran tərəfi də hansısa məsələyə münasibət bildirir, reaksiya göstərir və bunların da mövqeyi var”.

Politoloqun sözlərinə görə, İran ABŞ-nin şərtlərini qəbul etməlidir:
“Əslində, İran hakimiyyəti Hörmüz boğazından blokadanı götürməli, ora nəzarəti ABŞ ilə birgə həyata keçirməli, uzaq və orta mənzilli raketlərin istehsalını dayandırmalı, regional proksi qüvvələrindən imtina etməli, nüvə proqramını dayandırmalı, eləcə də zənginləşdirilmiş 452 kiloqramlıq uranı təhvil verməlidir. İranın qarşısında qoyulan əsas məsələlər bunlardır. Lakin onları qoyub başqa yönəldici fikirlər ətrafında hərəkət edib nəsə yeni bir "velosiped kəşf etmək" iddiası çox cəfəng və absurddur”.

Sədrəddin Soltan düşünür ki, ABŞ İranın təkliflərini rədd edəcək:
“Əlbəttə ki, ABŞ İranın bu təklifini qəbul etməyəcək. İran tərəfi müxtəlif təkliflər irəli sürməklə özünü yoracaq və bu müddət ərzində ölkə iqtisadiyyatında da ciddi problemlər yaranacaq. Ondan sonra İran hakimiyyəti ABŞ-nin təkliflərini çox asanlıqla qəbul edəcək. Üstəlik, bunun uzaqda olmayacağını düşünürəm. Çünki ABŞ artıq İranın iqtisadiyyatını ayaqda saxlayan bir sıra yolları ABŞ bağlamağa başlayıb”.

Elmir Mustafa

Избранный
6
hit.az

1Источники