RU

MAKRON BAKI İLƏ İRƏVAN ARASINDA “SUYU BULANDIRIR” Yeni açıqlamaları nəyə xidmət edir?

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Avropa Siyasi Birliyinin 8-ci sammitilə bağlı İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə təxribat xarakterli açıqlamalar verib.

Regiona, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərinə “burun soxmağa” çalışan Fransa başçısı Azərbaycana qarşı cinayət törədən ermənilərin – Qarabağdakı keçmiş qondarma rejimə başçılıq etmiş, hazırda isə Azərbaycanda həbsdə olan terrorçuların məsələsini qaldırıb. Onun bu zaman irəli sürdüyü “arqumentlər” isə xüsusilə Ermənistandakı keçmiş hakimiyyətin və indiki rusiyapərəst, revanşist müxalif qüvvələrin fikirlərilə tam üst-üstə düşür.

Makron Bakıda həbsdə olan ermənilərin "azad edilməsi" ilə bağlı suala cavab olaraq deyib ki, bu məsələni Ermənistanın Baş naziri ilə müzakirə etmək və həmçinin bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə ayrıca söhbət etmək niyyətindədir. O, Fransanın vasitəçi rol oynamağa və "vəziyyətin yaxşılaşdırılmasına töhfə verməyə" çalışdığını iddia edib.

Makron yenidən "beynəlxalq hüquq"a və "sülh və sabitliyin yeni mərhələsini" qorumağın vacibliyinə istinad edib. Baxmayaraq ki, rellıqda bu cür açıqlamalar qətiyyən sülhə və sabitliyə xidmət etmir. Beynəlxalq hüquqa gəlincə, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş, ölkə suverenliyini, ərazi bütövlüyünü sual altına almış, qondarma separatçı və terrorçu təşkilata başçılıq etmiş şəxslər elə tamamilə beynəlxalq hüquqa və Azərbaycanın yerli qanunvericiliyinə uyğun olaraq layiq olduqları yerdədirlər və layiq olduqları cəzaları alırlar. 

Odur ki, Makronun bu yersiz və təxribat xarakterli açıqlamalrı əksinə, Azərbaycan və Ermənistan arasında münasibətlərin, eləcə də Ermənistanın özündəki seçki öncəsi situasiyanın gərginləşməsindən - “suyu bulandırmaqdan” başqa heç nəyə xidmət etmir. Bu baxımdan Fransa başçısının yürütdüyü bu yaramaz siyasət Rusiyanın regionumuzda apardığı siyasətdən qəti fərqlənmir…

Fransanın regiona və xüsusilə Azərbaycana qarşı ara qarışdıran, təxribartçı münasibəti həm də məhz onun səylərilə Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı son absurd qətnamədə özünü göstərib.

Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarovun da dediyi kimi, Makronun İrəvan səfəri öncəsi Azərbaycan əleyhinə absurd qətnamənin qəbuluna rəvac verməsi təsadüfi deyil. Bu, Bakı ilə İrəvan arasındakı sülh gündəminə qəsdən vurulan zərbədir: “Səbəb isə sadədir: Fransa və onun dominantlıq etdiyi Aİ regiondakı qlobal layihələrdən kənarda qalıb. "Brexit"dən sonra Aİ-də hegemonluq edən Fransa, Cənubi Qafqazın Avrasiyanın “Suez kanalı”na çevrilməsindən kənarda qaldı. TRIPP layihəsi, Orta Dəhliz (Trans-Xəzər dəhlizi) və digər strateji təşəbbüslər Makronun ambisiyalarına ciddi zərbə vurur".

Deməli, Makronun erməni terrorçularına “canıyananlığı” və ümumilikdə Azərbaycana qarşı bu ritorikası təsadüfi deyil, Fransanın regiona “dürtülmək” cəhdlərinin uğursuzluğundan irəli gələn siyasi hikkənin və rəsmi Bakıya təzyiq cəhdinin təzahürüdür…

Bakıda həbsdə olan erməni terrorçulara gəlincə, Azərbaycanın gözü önündə artıq Vaqif Xaçaturyan nümunəsi var. Rəsmi Bakının yaşı və səhhətilə bağlı humanizm prinsipindən çıxış edərək əfv etdiyi bu terrorçu Ermənistana ayaq basandan az sonra Qarabağdakı separatizmin lideri, Azərbaycana qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş Robert Koçaryanın yanına qaçdı, onun partiyasına qoşuldu. Sosial şəbəkələrdə və mediada onun Koçaryanla görüşüb söhbətləşdiyini əks etdirən kadrlar yayımlandı.

Azərbaycanda gözünün suyunu axıdıb məhkəməyə yalvaran, Xocalı qırğınında günahsız olduğunu bildirərək and içən, xəstə, hətta “ölüm ayağında” olduğu iddia edilən Xaçaturyan İrəvanda “dirilərək” terrorçubaşına qoşuldu. Deməli, əlinə imkan düşən kimi, eyni cinayətləri yenidən törətməyə hazırdır. Heç kimin şübhəsi olmasın ki, hazırda Azərbaycanda həbsdə yatan hərbi canilər də ondan geri qalan deyil, hətta ondan betərdirlər, onlara “qəhmər çıxıb” azad etdirmək isə nə Makronun, nə də digərlərinin başı üçün deyil …

Cəlal Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
azpolitika.info

1Источники