Atlantik okeanda üzən Niderlanda məxsus “MV Hondius” kruiz gəmisi şübhəli ölümcül epidemiyanın yayılmasına dair müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, gəmidə hantavirus halları səbəbindən üç nəfər ölüb, azı üç nəfər isə xəstəliyə yoluxub.
“New York Times” nəşri yazır ki, gəmi Qərbi Afrikadakı ada dövləti olan Kabo-Verdenin paytaxtı Prayada lövbər salıb. Lakin şübhəli xəstəlik səbəbindən səlahiyyətlilər hələ də sərnişinlərin gəmidən düşməsinə icazə verməyiblər.
Gəmini idarə edən “Oceanwide Expeditions” şirkəti də iki heyət üzvünün təcili tibbi yardıma ehtiyacı olduğunu açıqlayıb.
Ümumilikdə 170 sərnişin və 71 heyət üzvü olan gəmidə ÜST tərəfindən vəziyyətin yaxından izlənildiyi və ətraflı epidemioloji araşdırmalar aparıldığı bildirilib.