RU

Əsgərlikdən möhlət hüququ peşə məktəbinə qəbul olunana da şamil edilməlidirmi?

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Azərbaycanda ali məktəblərə, eləcə də IX sinifdən sonra orta ixtisas və ya peşə təhsili müəssisələrinə qəbul olanlar yalnız təhsillərini başa vurandan sonra hərbi xidmətə çağırılırlar.

Bakupost.az xəbər verir ki, həmin gənclərə münasibətdə tətbiq edilən bu möhlət hüququ “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda öz əksini tapıb.

Amma maraqlıdır ki, bu möhlət XI sinfi bitirdikdən sonra orta ixtisas və ya peşə təhsili müəssisələrinə qəbul olanlara şamil edilmir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, belə gənclər 18 yaşını tamamladıqda, təhsil aldıqları halda belə, hərbi xidmətə çağırılırlar.

Buradan görünür ki, orta ixtisas və ya peşə məktəblərinə qəbul olunanlara fərqli yanaşma tətbiq edilir. Belə ki, IX sinfi bitirib peşə məktəblərinə qəbul olunanlara möhlət hüququ tanınsa da, XI sinifdən sonra həmin müəssisələrdə təhsil alanlara sözügedən güzəşt şamil edilmir.

Hərbi ekspert İbrahim Rüstəmli Bakupost.az-a bildirib ki, ali təhsil alanlar üçün təhsili bitirənə qədər hərbi xidmətə çağırışla bağlı güzəştlərin olması məqsədəuyğundur:

“Aradakı fasilənin təhsilə ciddi problem yaratmaması üçün belə bir güzəştin olması vacibdir. Təhsilin davamımlığı, produktivliyi və səviyyəsi bu halda qorunur. Bununla belə, 24 yaş tamam olubsa, harda oxumasından asılı olmayaraq hərbi mükəlləfiyyətli hərbi xidmətə yollanmalıdır”.

Həmsöhbətimiz XI sinfi bitirib orta ixtisas və peşə təhsili sahəsində oxuyanlarla bağlı belə bir güzəştin tətbiqinə isə ehtiyac görmür:

“Kolleclərdə oxuyanların hərbi xidmətə yollanması və Vətən qarşısında borcunu yerinə yetirdikdən sonra yenidən təhsilini davam etdirməsinin prosesə hər hansı bir mənfi təsiri yoxdur. Ona görə də bu sahədə dəyişikliyə ehtiyac görmürəm. Orta ixtisas təhsili müəssisələrində oxuyan və 18 yaşa çatan gənclərin hamısı oxuduğu kursu bitirmək şərtilə təhsili yarımçıq qoyub hərbi xidmətə yollanmalıdır. Ordunun komplektləşdirilməsi məsələsi günün ən vacib məsələsidir”.

Deputat Elşad Musayev də düşünür ki, bu məsələdə hansısa dəyişikliyə ehtiyac yoxdur:

“Düşünürəm ki, bu məsələdə mövcud qanunvericiliyə uyğun hərəkət etməliyik. Burada hər hansı bir dəyişikliyə ehtiyac görmürəm. Peşə təhsilində oxumağı qət edən bunu elə IX sinifdən müəyyənləşdirir. XI sinfi bitirənlər isə hər il bir peşə məktəbinə daxil olub, xidmətdən yayına bilərlər”.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
www.bakupost.az

1Источники