RU

Bakıdan KRİTİK addım - Avropa Şurasından çıxırıq?

 

Azərbaycan Avropa təsisatları ilə münasibətlərdə gərgin dövr yaşayır. Ötən həftə Milli Məclis Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdı. Avronestdən isə çıxmaq üçün prosedur başladı. Daha əvvəl isə AŞ PA-dakı nümayəndə heyətimiz fəaliyyətini dondurub və səsvermə hüququ əlindən alınmasına cavab olaraq bu qərarı qəbul edib - baxmayaraq ki, Avropa İttifaqı, Avropa Komissiyası ilə iqtisadi əlaqələr inkişafdadır. Amma Qərbin siyasi platformaları ilə əlaqələr kəsilib. Bunun da günahkarı təbii ki, qarşı tərəfin düşmənçiliyidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Avropa Parlamentini tənqid edib. İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı prezident bildirib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir. Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır.

İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.

“Yeri gəlmişkən, mən özüm o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi” - İlham Əliyev bildirib.

“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna (modus operandi) çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir", - o vurğulayıb.

Bəs bu gedişlə Azərbaycan Avropa Şurasının üzvlüyündən də çıxa bilərmi?

Deputat Fazil Mustafa Musavat.com-a bildirib ki, Azərbaycan müstəqil dövlət olaraq, AŞ PA-da olan vəziyyəti başa salmağa çalışıb. Onun sözlərinə görə, Azərbaycanın bəlli “qırmızı cizgiləri” var: “Bizim “qırmızı cizgilərimizdən” o tərəfə atılan addımların Azərbaycana heç bir ciddi təsiri olmayacaq. Avropa Şurasından uzaq durmaqla biz hər hansı problemimizi daha rahat həll edəcəyimizi gördük. Biz Avropa məkanında varıq. Onlar bizi görmək istəməyənə qədər biz formal olaraq Avropa məkanında qalmaqdayıq. Biz qayıda bilərik, amma indiki şərtlərdə bu, onların qayğısına çevrilməlidir. Bizdən uzaqlaşmaq istəyirlərsə, özləri bilərlər. Onlara bəhanə verməməliyik”.

Fazil

Deputat qeyd edib ki, hətta AŞ PA-da fəaliyyətimizi donduranda da şərt qoyduq: “Ki, Azərbaycanın iştirakı arzu olunarsa, ölkəmiz bunu nəzərə ala bilər. Avropa Şurasından çıxmaq Avropa dəyərləri ilə bağlı məsələdə bizi bir qədər ittiham subyektinə çevirə bilər. Biz Avropa dəyərlərindən imtina etməmişik, AP-nin və AŞ PA-nın qərəzli mövqeyini qəbul etmədiyimizi demarş olaraq ortaya qoymuşuq. Onlara ehtiyacımızın olmadığını göstərmişik. Bundan sonra isə “top” onlardadır. Əgər əməkdaşlığı kəsmək istəsələr, bu, onların seçimi olacaq. Biz heç nə itirməyəcəyik. Odur ki, belə bir qərar qəbul etməyimiz zərurət deyil”.


Nigar Həsənli
Musavat.com

Избранный
24
musavat.com

1Источники