RU

“Müasir klassiklər” kimlərdir? Ədəbi SORĞU

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Müasir Azərbaycan ədəbiyyatında artıq öz yaradıcılığı ilə seçilən və ədəbi mühitdə mövqeyini təsdiqləmiş bir sıra istedadlı yazıçılarımız mövcuddur. Onların əsərləri oxucular tərəfindən maraqla qarşılanır və ədəbi dəyər baxımından yüksək qiymətləndirilir. Bu müəlliflər bir çox hallarda “müasir klassiklər” kimi də xarakterizə olunur. 

Yaşayan yazıçılar arasında ən yaxşı nasir kim hesab oluna bilər?

“AzPolitika” mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Səfər Alışarlı: “Azərbaycan istedadlar ölkəsidir. Ancaq bugünün ədəbi yaradıcılığı üçün təkcə istedad azlıq eləyir. Müəllifə başqa şeylər də lazımdır: ciddi və sistemli mütaliə, yazı texnikası, heç olmasa hər şeydən bir az təhsil, ağıldan üstün duyum qabiliyyəti və s. Azərbaycan ədəbiyyatı adına yazılan hər bir əsərin müəllifi özünü dahi, yazdığını isə şedever sanır. Bizim ölkəmizin bu ənənəvi bədbəxtliyi onun bütün regional problemlərinin cəmi ağırlığındadır. Ölkədə işsizliyin miqyası artdığı üçün bekar insanlar dastan janrından ruhlanarq ədəbi yaradıcılığa qurşanır. Bu kütləvi qrafomaniya ədəbi işbazların toxunulmazlıq statusunu və maddi qazanc bazasını möhkəmləndirir, həqiqi yazıçılar isə maddi və mənəvi ziyanda qalır. Konyunktur ədəbi məhsul tirajlanıb tozanaq qoparır. Ona görə biz bu gün dünyaya çıxa biləcək həqiqi ədəbi əsərlərdən danışmağa çətinlik çəkirik. Xaricdə beynəlxalq sərgilər, kitab yarmarkaları olur. Gedin baxın görün, orada bizi kimlər təmsil edir! Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi ədəbi layihələrdə ədalət və istedad parametrləri nəzərə alınmır. Ona görə hər hansı bir ədəbi çempiondan bəhs etmək yersiz görünür”.

Yazıçı, şair Zahid Sarıtorpaq: “Yaxşı yazıçılarımız var və mən onlar arasında bu səpkidə fərq qoymağı xoşlamıram. Hər halda hər oxucu öz səviyyəsinə görə kimin kim olduğunu yaxşı bilir. Onu da deyim ki, yaxşı gənc nəsil də yetişir. Hamısına uğurlar diləyirəm”

Tənqidçi-ədəbiyyatşünas, professor Cavanşir Yusifli: “Mübahisələr, münaqişələr, dəyərləndirmələr – hamısı nəsr üzərində cəmlənir və bu, olduqca təbii haldır. Xüsusən gənc müəlliflər – Nadir Yalçın, Furqan Sadıq və başqaları ardıcıl şəkildə yazır, öyrənərək inkişaf edirlər. Daha sonra Orxan Həsəni və digər Orxanlar diqqətəlayiq hekayələr və mətnlər qələmə alırlar. Vaxtaşırı onların yaradıcılığı haqqında da yazmışam.

“Canlı klassiklər” dedikdə isə Mübariz Örən, Şərif Ağayar və İlham Əzizdir. Düzdür, İlham nisbətən gec başlayıb, lakin artıq sürət qazanıb. Bunun necə davam edəcəyini zaman göstərəcək. Nəsr poeziya kimi deyil.

Son dövrlərdə Azərbaycan ədəbiyyatında keyfiyyətli mətnlərlə daha çox qarşılaşıram. Adlarını çəkmədiyim müəlliflərin də hər birinin özünəməxsus üslubu var”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azpolitika.info

1Источники