RU

Samir Vəliyev: “Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması belə təşkilatlar üçün dərs olmalıdır”

“Avropa Parlamenti Azərbaycana  qarşı açıq-aşkar  düşmənçilik mövqeyi nümayiş etdirir. Təşkilatın yanlış mövqeyi ilə bağlı dövlətimiz tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Avropa Parlamenti doğru yol tutmaqdan imtina edir. Buna görə də bu təşkilatla bütün əlaqələrin dayandırılması haqqında Milli Məclisin qəbul etdiyi qərar tamamilə doğru və məntiqlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı 13 qətnamə qəbul edilib: “Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ üzərində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir və hər zaman Ermənistanın “vəkili” rolunda çıxış edir. Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatları yarandıqları zaman, xüsusilə, beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsiplərini əsas götürdüklərini bəyan ediblər. Lakin həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riayət olunmur. Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələr də bunun sübutudur. Avropa Parlamenti kimi islamafob və türkəfob dairələrin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə alıb. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, 1 milyona qədər azərbaycanlı qaçqın-köçkünün hüquqlarını müdafiə edən sənədlər qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa “böyük önəm” verir. Hesab edirəm ki, belə “sənədlər” qəbul etməklə Avropa Parlamenti öz imicinə zərbə vurur. Məlumdur ki, bu gün Avropa İttifaqı, Avropa Komissiyası Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Belə olan halda, Avropa Parlamentinin tutduğu mövqe tamamilə yanlışdır. Təşkilatın rəhbərliyi anlamalıdır ki, hansısa “sənədlər” qəbul etməklə Azərbaycanın beynəlxalq nüfuzuna zərər yetirə bilməyəcək. Azərbaycan parlamenti tərəfindən Avropa Parlamenti ilə əməkdaşlıq tamamilə dayandırılması belə təşkilatlar üçün dərs olmalıdır. Onlar bilməlidirlər ki, kimlərəsə muzdlu lobbiçilik etməklə Azərbaycanın siyasətinə heç bir təsir göstərə bilməzlər. Ölkəmizə qarşı dəyişməyən qərəzli mövqe bu təşkilatla əməkdaşlığı mümkünsüz edir. Buna görə də müəyyən ekspertlərin Milli Məclisin məlum qərarına qarşı çıxmasının heç bir əsası yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 4 May 2026, 14:48   
Избранный
14
1
pravda.az

10Источники