RU

Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA

Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA

Qarabağın yenidən qurulması Azərbaycan xalqı üçün mənəvi və strateji əhəmiyyət kəsb edən mühüm məsələdir. Lakin təəssüflə qeyd etməliyik ki, yenidənqurma və bərpa prosesində əsas rol sahibi olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti son zamanlar daha çox uğurları ilə deyil, maliyyə qalmaqalları və idarəetmə nöqsanları ilə gündəmə gəlir.

AFN.az-ın araşdırmaları göstərir ki, icraçı direktor Leysan Məmmədovun rəhbərlik etdiyi Xidmətin fəaliyyəti rəsmi audit sənədlərində büdcə vəsaitlərinin "yeyinti poliqonu"na bənzəyir.

Leysan Məmmədovun smeta hiylələri

Hesablama Palatasının son audit hesabatları Leysan Məmmədovun idarəetmə üslubundakı böyük bir boşluğu yenidən üzə çıxarıb: Smeta sənədlərinin şişirdilməsi. Audit nəticələrinə görə, Horovlu kəndində fərdi evlərin tikintisi zamanı iş həcmlərinin süni şəkildə artırılması nəticəsində təxminən 1 milyon manata yaxın (996,046 AZN) vəsaitin artıq xərclənməsinin qarşısı son anda alınıb.

Bu, sadəcə texniki səhv deyil, dövlət vəsaitinin mənimsənilməsinə münbit şərait yaradan sistemli bir nəzarətsizlikdir. Bu cümləni rahatlıqla qura bilməyimizə səbəb Leysan Məmmədovun bundan əvvəlki vəzifələrdə yol verdiyi eyni tip nöqsanların artıq dəfələrlə aidiyyatı dövlət qurumları və media tərəfindən ifşa olunmasıdır. Tərəfimizdən hazırlanan həmin yazı ilə BURADAN tanış ola bilərsiz.

Rəqabət, yoxsa inhisar?

Xidmətin satınalma siyasəti ekspertlər tərəfindən kəskin tənqid olunur. Milyonlarla manatlıq layihələrin çox vaxt eyni podratçı qrupları arasında bölüşdürülməsi satınalmalarda şəffaflıq və rəqabətlilik prinsiplərini sual altına qoyur. Leysan Məmmədovun rəhbərliyi dövründə tenderlərin sanki öncədən müəyyən edilmiş subyektlərə istiqamətləndirilməsi, "bərpa işləri təcilidir" bəhanəsi ilə bir çox hallarda şəffaf prosedurlardan yan keçilməsi büdcə xərclərinin səmərəliliyini sıfıra endirir.

Tənqidlərin digər istiqaməti isə kadr və əməkdaşlıq siyasətidir. Audit zamanı məlum olub ki, xidmət rəhbərliyi işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan əlavə ödənişləri və maaşları qanunsuz şəkildə hesablayaraq 137 min manatdan çox vəsaitin artıq ödənilməsinə yol verib. Bu isə rəhbərliyin həm maliyyə savadlılığı, həm də inzibati nəzarət mexanizminin iflic vəziyyətində olduğunun göstəricisidir.

Olmayan hesabatlılıq

Qarabağ üçün ayrılan milyardların hara və necə xərcləndiyi barədə cəmiyyətə dolğun məlumat verilməməsi, Leysan Məmmədovun rəhbərliyi etdiyi qurumu "qapalı qutu"ya çevirib. Hesablama Palatasının isə hər müdaxiləsində yeni bir qanunsuzluq aşkar etməsi xidmətə olan etimad limitini tükədir.

Uğrunda minlərlə şəhid verdiyimiz torpaqların bərpası, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri kimlərinsə şəxsi qazanc mənbəyinə çevrilə bilməz. Leysan Məmmədovun rəhbərliyi altında yığılıb qalmış bu nöqsanlar, maliyyə problemləri və smeta oyunları göstərir ki, xidmətdə köklü kadr və idarəetmə dəyişiklikləri qaçılmazdır.

Hesablama Palatasının aşkar etdiyi bu rəqəmlər xidmət rəhbərliyi üçün sadəcə "hesabat xətası"dır, yoxsa böyük bir yeyintinin rəsmi təsdiqi? Bundan sonra iş hüquq-mühafizə orqanlarının üzərinə düşür...

Избранный
18
afn.az

1Источники