RU

Astronomlar Yerə yaxın “Kua-kua” planetinin tünd rəngli bazaltlar və qayalardan ibarət olduğunu aşkar ediblər

Bakı, 4 may, AZƏRTAC

Planetar alimlər Yer kürəsinə ən yaxın ekzoplanetlərdən biri olan Kua'kua ekzoplanetinin səthini araşdırıb, onun tünd rəngli bazaltlar və digər qayalardan ibarət olduğunu aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, Almaniyanın Maks Plank Astronomiya İnstitutu (MPIA) mətbuat xidmətinin məlumatına görə, bu, planeti Yerdən və ya digər havasız cisimlərdən fərqləndirir.

“Ceyms Uebb” kosmik teleskopunun ultra yüksək həssaslığı sayəsində uzaq qayalı ekzoplanetlərin səthlərindən yayılan radiasiyanı aşkar edə bilirik. Müşahidələrimiz göstərir ki, “Kua-kua” qaranlıq, isti və havasız qayalı bir dünyadır”, -deyə MPIA-nın Ekzoplanetlərin atmosfer fizikası şöbəsinin müdiri Laura Kreydberq bildirib.

Alimlər qeyd etdiyi kimi, “Kua-kua” uzun müddətdir ki, astronomlarda böyük maraq doğurur. Alimlər bu dünyanın tamamilə atmosferdən məhrum olduğu fərziyyəsini irəli sürürlər. Bu amil onu Yer planetinə deyil, Merkuri və ya Aya bənzədir. Onun süxurlarından yayılan infraqırmızı şüalanmanı izləmək yolu ilə bu planetin səthiinin kimyəvi tərkibini və quruluşunu öyrənmək mümkündür. Bu şüalanma atmosferdəki qaz molekulları və su buxarı tərəfindən udulur və ya səpələnir.

Avropa və ABŞ-dən olan planetar alimlər həmin planetin ilk müşahidələrini 2021-ci ildə orbitə buraxılan “Ceyms Uebb” kosmik teleskopunun cihazlarından istifadə edərək aparıblar. Müşahidələr zamanı infraqırmızı spektrinin ölçülməsi onun həqiqətən tamamilə atmosferdən məhrum olduğunu göstərib. Onlar, həmçinin onun səthinin qeyri-adi görünüşünü qeyd ediblər ki, bu da ekzoplaneti digər havasız dünyalardan fərqləndirir. Alimlər böyük miqdarda olivin ehtiva edən və tünd rəngli bazalt və ya digər oxşar süxurların böyük qruplarını aşkar ediblər. Astronomlar mikroasteroidlərin “Kua-kua”nın səthinə davamlı təsirlərinin asteroid qalıqlarından və planet qabığının yuxarı təbəqələrinin fraqmentlərindən ibarət olan torpağın üst təbəqəsini yenilədiyi qənaətindədirlər.

Öz növbəsində, planetin səthində bazaltların olması onu Yer kürəsindən fərqləndirir, çünki onun qabığı xeyli miqdarda qranit və digər silisiumla zəngin süxurlardan ibarətdir. Bundan başqa, ekzoplanetin daxilində tektonik prosesləri dəstəkləmək üçün zəruri olan əhəmiyyətli su ehtiyatlarının olmadığı da məlumdur.

Diametri Yer kürəsindən təxminən 30 faiz böyük və kütləsi 2,2-2,4 dəfə böyük olan “Kua-kua” (LHS 3844b) Yerdən 49 işıq ili məsafədə yerləşən Tukana bürcündə yerləşir. O, TESS orbital teleskopu tərəfindən qırmızı cırtdan LHS 3844-ün yaxınlığında kəşf edilib. LHS 3844-ün radiasiyası planetin bir tərəfini 770 dərəcə Selsiyə qədər qızdırır, əks tərəfi isə bir neçə yüz dərəcə daha soyuqdur.

Избранный
8
1
azertag.az

2Источники