RU

"Azərbaycan Sənaye Korporasiyası"nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olan müəssisə və obyektlərin özəlləşdirməyə açılması ilə əlaqədar ölkə başçısı tərəfindən16 aprel 2021-ci il tarixli və 29 oktyabr 2021-ci il tarixli 2 sərəncam imzalanıb və həmin sərəncamlara əsasən özəlləşdirməyə açılmış 29 müəssisə və obyektdən 20-nin özəlləşdirilməsi təmin edilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, onların sırasında “Azərtütün” və “Bakı Ayaqqabı Fabriki” ASC-ləri, “Sumqayıt Tekstil” və “Şəki Şərab” MMC-ləri, Qaradağ rayonunda yerləşən və uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksini qeyd etmək olar:

"Özəlləşdirməyə açılmış bir müəssisənin (“Qaradağ Şüşə Zavodu” ASC) səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsi elan olunmuş və hazırda potensial iddiaçılar tərəfindən təkliflərin hazırlanması prosesi davam edir".

"Dövlət müəssisələrinin səmərəli özəlləşdirilməsinə nail olmaq və prosesə nüfuzlu investorların cəlb edilməsini təmin etmək müəyyən vaxt tələb etdiyindən, “Azəripək” ASC, “Şəki SES” və “Azərizolit” MMC-ləri, habelə Bakı şəhəri, Şəki, Zaqatala, Tovuz və Qazax rayonlarında yerləşən əmlak komplekslərinin özəlləşdirilməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, "Azərbaycan Sənaye Korporasiyası" 2024-cü ilin dekabr ayında ləğv edilib. Qurumun tərkibindəki üç şirkət Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib, digər şirkətlər isə özəlləşdirilməyə çıxarılıb.

Избранный
16
8
apa.az

9Источники