RU

Elmi sessiya: Anadilli şeirimizin zirvəsi – Səməd Vurğun

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Anadilli şeirimizin zirvəsi – Səməd Vurğun” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2026-cı il 23 fevral tarixli Sərəncamı ilə bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edildiyini deyib. O, bununla əlaqədar Şərqşünaslıq İnstitutunda da elmi sessiya təşkil olduğunu bildirib. Səməd Vurğunun Azərbaycan ədəbiyyatında xidmətlərindən söz açan akademik şairin milli şüurun formalaşmasında, Ana dilinin inkişaf etdirilmsində rolundan danışaraq, onun əsərlərinin əsasında azərbaycançılıq amalının dayandığını qeyd edib. G.Baxşəliyeva Səməd Vurğunun bədii tərcümələrinin də söz açaraq, dünya ədəbiyyatının klassik nümunələrini Azərbaycan dilinə çevirən şairin bu sahədə də töhfələrinin yüksək sənətkarlıq nümunəsi olduğunu, bu tərcümələrdə orijinal əsərlərin ruhunun qorunaraq, onların milli ədəbi mühitə uğurla uyğunlaşdırıldığını vurğulayıb.

Elmi sessiyada institutun əməkdaşı Faidə Omarova “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. Bütün türk xalqlarının Səməd Vurğuna dərin sevgi və ehtiram hissi ilə yanaşdığını, onun şeirlərinə xüsusi maraq göstərdiklərini deyən məruzəçi, eyni zamanda, bu böyük sənətkara ithaf olunan çoxsaylı dəyərli şeirlər yazıldığını, onun yaradıcılığı haqqında həm elmi, həm də publisistik əsərlər qələmə alındığını bildirib.

F.Omarova S.Vurğunun Türk dünyasının ədəbi nümayəndələri ilə qarşılıqlı münasibətlərindən danışaraq, türkmən şairi Berdi Kerbabayev, Başqırdıstanın Xalq şairi Mustay Kərim, Kabarda-Balkar Muxtar Respublikasının Xalq şairi Qaysın Quliyev, Özbəkistanın Xalq şairi Qafur Qulam kimi ədiblərin şair haqqında fikir və düşüncələrindən bəhs edib.

“Səməd Vurğunun elmi və ictimai fəaliyyəti” mövzusunda məruzə edən institutun elmi işçisi Aygül Mirzəyeva bildirib ki, elmi fəaliyyətinə 1931-ci ildə başlayan Səməd Vurğun daha sonra bədii yaradıcılığa üstünlük versə də, bu sahədən də tam uzaqlaşmayıb. 1945-ci ildən etibarən isə Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri olaraq uzun illər elm yolunda xidmət göstərib, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, vitse-prezidenti olub.

Məruzəçi qeyd edib ki, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri olan Səməd Vurğunun elmi fəaliyyəti əsasən ədəbiyyatşünaslığın inkişafına, ictimai fəaliyyəti isə cəmiyyətin mədəni və mənəvi tərəqqisinə xidmət edib. Onun çoxşaxəli irsi bu gün də öz aktuallığını qoruyub saxlayır.

Избранный
17
1
azertag.az

2Источники