
Bu ilin aprel ayında Türkiyədə istehlak qiymətləri əvvəlki aya nisbətən 4,18 faiz, ötən ilin eyni dövrünə görə (illik) isə 32,43 faiz artıb.
Yeniavaz.com Türkiyə Statistika Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə istehlak qiymətlərində aylıq artım 3 faiz, illik artım isə 48,73 faiz səviyyəsində olub.
Əsas istehlak qruplarına baxdıqda, ən yüksək illik qiymət artımı təhsil xərclərində qeydə alınıb. Bu kateqoriyada artım 50,6 faiz təşkil edib. Mənzil qiymətlərində illik artım 46,60 faiz, nəqliyyatda isə 35,06 faiz olub.
Aylıq əsasda ən çox bahalaşma geyim və ayaqqabıda müşahidə olunub. Bu göstərici 8,94 faiz artıb. Mənzil qiymətləri 7,99 faiz, nəqliyyat xərcləri isə 4,29 faiz yüksəlib.
2026-ci ilin aprel ayı etibarilə 174 əsas məhsul kateqoriyasından 147-də qiymətlər yüksəlib, 19 kateqoriyada azalma olub, 8-də isə dəyişiklik qeydə alınmayıb.
Onu da bildirək ki, ötən illə müqayisədə inflyasiya səviyyəsinin aşağı düşməsinə baxmayaraq, Türkiyə hələ də dünyada ən yüksək inflyasiyanın qeydə alındığı 6-cı ölkə hesab olunur. Dünyada ən yüksək inflyasiya səviyyəsi Venesuelada qeydə alınıb. Bu ölkədə illik inflyasiya 649,5 faizə bərabərdir. Bundan başqa Sudanda 146,6 faiz, Cənubi Sudanda 112,6 faiz, İranda 50%, Argentinada isə 32,6% olub.
Elnur Əli