RU

Argentina parlamenti Okamponun əməllərinin araşdırılmasına çağırış etməlidir ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun erməni lobbisinin maliyyəsi ilə layihələr icra etməsi artıq məlumdur. O, sosial mediada qarayaxma kampaniyalarının təşkili ilə bağlı təcrübələrini COP29 zamanı da ölkəmizə qarşı tətbiq edib. Kampaniyanın əsas məqsədləri ölkənin nüfuzunu aşağı salmaq, tədbirin Bakıda keçirilməsinin qarşısını almaq, xarici ölkə rəsmilərini iştirakdan çəkindirmək, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək və Azərbaycanda həbsdə olan erməniəsilli müharibə cinayətkarlarının azadlığına nail olmaq idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, kampaniya öncədən müəyyən edilmiş saatlarda, hazırlanmış materiallarla, tezislər üzrə mütəmadi aparılıb. Bu da sistemli və şəbəkələşmiş yanaşmanın əsas sübutudur. Həmçinin Luis Moreno Okamponun hər hansı “X” postunu paylaşan zaman mesaj qutusuna avtomatik olaraq kampaniyada fəaliyyətlə bağlı sistemli iştirak üçün hansı mərhələ və istiqamətlərdən – heştəqlərdən, ifadələrdən, mesajlardan istifadə olunması barədə, əlavə olaraq digər “tapşırıqlar” göndərilib. Bu da onun sosial şəbəkələrdə əsas görünən üz, tezislərin hazırlanmasında, paylanmasında ön cəbhədə iştirak edən şəxs olduğunun açıq nümunəsidir. Həmçinin Luis Moreno Okampo 2024-cü il sentyabrın 6-da “armenianweekly.com” saytına verdiyi eksklüziv müsahibədə bir qrup erməniəsilli şəxs tərəfindən onun bu kampaniyaya rəhbərliyə dəvət olunduğunu etiraf edib. Onu birbaşa bu kampaniyaya başçılıq etməyə dəvət edən Mario Nalpatian olub. Mario Nalpatian Daşnaksütyun partiyasının üzvü, ANCA təşkilatının vitse-prezidentidir. Bu da özlüyündə Luis Moreno Okamponun birbaşa ANCA-dan tapşırıq aldığını və seperatçılığı dəstəklədiyini sübut edir.

“Xarici qüvvələr bilir ki, bu gün ölkələrdə ictimai rəyə təsir etmək çətin deyil, sadəcə sosial mediadakı süni intellekt botlarıyla, o ölkənin daxilində həssas mövzuları qızışdırırlar. İnsanları bir-birinə düşmən edirlər. Alqoritmlər də insanı ən çox qəzəbləndirən məzmunu göstərməyə proqramlaşıb. Beləliklə, ölkənin institutlarına inamı zəiflətməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu gün nizamlanması olduqca çətin olan süni intellektlə bu, mümkündür. Süni zəka bu gün bir çox sahədə mütərəqqi asanlaşmanı gətirsə də, dezinformasiyalar yaymaq, onu siyasi maraqların alətinə çevirmək, fərdi məlumatların konfidensiallığını pozmaq, elmi-tədqiqatları təhrif etmək kimi məqsədlər üçün də istifadə edənlər az deyil. Çünki süni intellektin yaddaşında olan informasiyanın 80 faizi insanlar tərəfindən daxil edilir. Bu isə ölçülməsi daha çətin olan təhlükədir. Nə ölçülə bilinmirsə, onu nizamlamaq da mümkünsüz olur. Tarixi faktları daim saxtalaşdırmağa çalışan erməni diasporu və onların havadarları isə müxtəlif dillərdə süni intellektə həqiqətə uyğun olmayan məlumatlar daxil etməyə davam edirlər. Bu yöndə bizim elm adamlarımız, tarixçilərimiz fəal olmalıdır. Azərbaycan həqiqətlərinin əks olunduğu elmi araşdırmaların nəticələrini, xəritələri, toponimlərin tarixçəsini müxtəlif dillərdə rəqəmsal mühitdə, elektron jurnallarda əlçatan etməklə, süni intellektə düşünmək üçün daha çox mənbə verə bilərik. Bundan əlavə, Argentina parlamenti bu cür rüşvət cinayətlərinə qarışan, digər dövlətlərin daxili işlərinə qarışmağa cəhd edən şəbəkənin baş icraçısı Argentina vətəndaşı Luis Moreno Okamponun əməllərinin araşdırılmasına çağırışlar etməlidir”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
azertag.az

2Источники