RU

Postmünaqişə dövrünün uğurlu bərpa modeli

Bakı, 4 may, AZƏRTAC

Azərbaycanın beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və qlobal məsələlərin həllində oynadığı fəal rol ölkəmizin mötəbər platformaların mərkəzinə çevrilməsini şərtləndirir. 2024-cü ildə Bakıda keçirilən COP29-un məntiqi davamı olaraq, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi statusunun qazanılması respublikamızın dayanıqlı inkişaf və müasir şəhərsalma yanaşmalarına verdiyi töhfənin bariz göstəricisidir. Bu mötəbər forumun gündəliyində duran əsas məsələlərə - innovativ bərpa və “ağıllı şəhər” konsepsiyalarına məhz Laçın rayonunda həyata keçirilən genişmiqyaslı işlər fonunda baxmaq, Azərbaycanın təqdim etdiyi dünyasəviyyəli nümunəni daha aydın nümayiş etdirir.

AZƏRTAC Laçında aparılan genişmiqyaslı yenidənqurma işlərinə və müasir şəhərsalma yanaşmalarına həsr olunan məqaləni təqdim edir.

Laçından WUF13-ə baxış

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma elminin ən son nailiyyətlərinə və innovativ həllərə söykənir. Bu gün Laçın rayonu tarixlə müasirliyin harmonik vəhdətini özündə birləşdirən, texnoloji baxımdan ən qabaqcıl üsulların tətbiq edildiyi nəhəng və nümunəvi quruculuq meydanını xatırladır.

Rayonun yenidən qurulması prosesində tətbiq edilən strateji yanaşmalar Laçını postmünaqişə dövrünün ən uğurlu bərpa modellərindən birinə çevirib. Belə ki, 2025-ci ildə açılışı gerçəkləşən Laçın Beynəlxalq Hava Limanı regionun dünyaya açılan əsas qapısı olmaqla yanaşı, çətin relyef şəraitində müasir mühəndislik həllərinin zirvəsidir. Rayonda tətbiq edilən kanat yolu layihəsi, salınan müasir yollar, Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi və yeni nəsil infrastruktur obyektləri “ağıllı urbanizasiya” modelinin real təcəssümüdür. Ümumiyyətlə, WUF13-də beynəlxalq ekspertlərin diqqət mərkəzində olan “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları Laçında artıq reallığa çevrilib.

Laçında reallaşdırılan sosial-iqtisadi dirçəliş prosesi — istirahət kompleksləri, su elektrik stansiyaları, tikiş və mebel fabrikləri, eləcə də "Hoçazfilm" yaradıcılıq studiyasının fəaliyyəti göstərir ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri yalnız bərpa etmir, həm də onları rəqəmsal iqtisadiyyatın və “yaşıl enerji”nin mərkəzinə çevirir. Yeni salınan müasir istirahət kompleksi və tarix-memarlıq irsinin qorunması ilə aparılan bərpa işləri rayonu regionun cəlbedici turizm mərkəzlərindən birinə çevirməkdədir.

Məcburi köçkünlərin doğma yurdlarına qaytarılması prosesi Laçında da böyük uğurla və yüksək dinamika ilə davam edir. "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə rayon iqtisadiyyatının müxtəlif sahələri kompleks şəkildə bərpa olunur və müasir tələblərə uyğun yenidən qurulur. Rayonda sakinlərin məşğulluğunun təmin edilməsi və iqtisadi aktivliyin artırılması üçün genişmiqyaslı ekosistem formalaşdırılıb.

Bütün bu tədbirlər göstərir ki, Laçında köç prosesi yalnız yaşayış sahələrinin təminatından ibarət deyil - bu, həm də insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə xidmət edən bütöv bir dirçəliş modelidir. Artıq bir sıra yaşayış məntəqələrinə köç təmin olunub, digər məntəqələrdə isə tikinti-quruculuq işləri sürətlə davam etdirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri beynəlxalq təşkilatların ekspertləri tərəfindən də yüksək qiymətləndirilir. Xüsusilə Laçında tətbiq edilən müasir şəhərsalma modeli postmünaqişə dövrü üçün dünyasəviyyəli yenidənqurma nümunəsi kimi qəbul olunur. Ölkəmizin bu istiqamətdə qazandığı zəngin təcrübə paytaxt Bakının ev sahibliyi edəcəyi WUF13 üçün əyani və mötəbər bir model təşkil edir. Azərbaycanın “qurub-yaratmaq” fəlsəfəsi Laçın rayonunun timsalında dünyaya sülh, tərəqqi və davamlı inkişafın ən müasir standartlarını nümayiş etdirir.

Beləliklə, WUF13 platforması Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də şəhərsalma sahəsində innovativ həllərin müəllifi olduğunu nümayiş etdirəcək. Laçın təcrübəsi sübut edir ki, Azərbaycan dövləti dağıdılmış əraziləri ən qısa zamanda “ağıllı” və “yaşıl” zonalara çevirmək əzmindədir. Bu fəaliyyət gələcək nəsillər üçün daha firavan və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edən şərəfli bir missiyadır.

Redaksiya məqaləsi

Избранный
3
1
azertag.az

2Источники