"Sumqayıt"ın serbiyalı yarımmüdafiəçisi Nikola Ninkoviç Premyer Liqanın 30-cu turunda "Kəpəz"ə məğlub olduqları görüşdən (1:2) sonra Sportinfo.az-a müsahibə verib.
- Yevlaxda ardıcıl üçüncü qələbəyə çox yaxın idiniz. Bunun üçün nə çatmadı?
- Məncə, matçın müəyyən anlarında bir az daha çox diqqət və konsentrasiya çatışmazlığı yaşadıq. Nəticədə sonda qələbə qazana bilmədik. Düşünürəm ki, məğlubiyyət ən başda hakimlərin açıq-aşkar səhv qərarları üzündən yaşandı. Oyundan sonra videoya baxanda buna tamamilə əmin olduq. Düşünürəm ki, bütün futbol ictimaiyyəti də eyni fikri bölüşür. Bu qədər də olmaz.
- Növbəti dəfə hakim qərarları oyunu kölgədə qoydu. İctimaiyyət oyundan çox hakimlərdən danışır. Əli Əliyevin qərarlarını necə şərh edərdin?
- Bu matçda xeyli şans əlimizdən çıxdı. Lakin hakim haqqında çox dərin şərh vermək və onun qərarlarını ətraflı təhlil etmək istəməzdim. Axı bu nəyi dəyişir? Mövsüm ərzində ilk belə hal deyil. Təəssüf ki, bizə qarşı bu cür münasibət neçə oyundur davam edir.
- Final fitindən sona hakimlərlə epizodları müzakirə etdinmi? Hansı izahı verdilər?
- Xeyr, matçdan sonra hakimlərlə danışmadım. Oyun bitmişdi və bir oyunçu kimi onların yanına gedib hər hansı bir izahat istəməyimə ehtiyac yox idi. Belə şeylər son nəticəni dəyişdirə bilməz və lazımsız reaksiyalar yalnız əlavə problemlər yarada bilər. Vacib olan qələbə idi. Onu da qazanmağa bu qədər yaxın olduğumuz halda verilən ucuz penallarla əldən verdik.
- Faizlə götürəsi olsaq, "Sumqayıt"ın daha üst sıralarda olmamasını öz səhvlərinizlə bərabər, hakimlərdə nə qədər olduğunu düşünürsən?
- Düzü, mən bu cür faiz bölgüsünə girməzdim, çünki düşünürəm ki, bu, çətin və bir qədər qeyri-ciddi bir şeydir. Komanda daxilində hər matçın həm yaxşı, həm də pis tərəflərini təhlil edirik və mövsümün əvvəlindən bəri oyundan oyuna yaxşı olmayan şeyləri düzəltməyə çalışırıq. Hakim qərarlarına gəldikdə isə, dediyim kimi, nə olursa olsun, onlara təsir edə bilmərik. Bu barədə hakimlər komissiyası ciddi düşünməlidir. Biz isə öz səhvlərimiz barədə müzakirə edə bilərik.
XANOĞLAN İMANOV