RU

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

Niderlandın paytaxtı Amsterdam mayın 1-dən etibarən ictimai məkanlarda ət məhsulları və yanacaqlar (neft, qaz və s.) ilə bağlı reklamların nümayişini qadağan edib. 

“BBC” xəbər verir ki, qadağa reklam lövhələri, tramvay dayanacaqları və metro stansiyalarını əhatə edir.

Artıq dayanacaqlarda və metro stansiyalarında burger, benzinli avtomobil və ya təyyarə biletləri ilə bağlı reklamlar yığışdırılıb. Zərərli hesab olunan bu reklamların yerini mədəniyyət və incəsənət tədbirləri alıb. İndi şəhər sakinləri reklam lövhələrində daha çox muzeylərin, konsertlərin və ətraf mühitə zərər verməyən fəaliyyətlərin tanıtımını görürlər.

Şəhər rəhbərliyi bu addımı iki əsas hədəflə izah edir. Belə ki, əsas məqsəd 2050-ci ilə qədər şəhəri tam ekoloji təmiz (karbon neytral) etmək, insanların ət istehlakını və zərərli yanacaqlardan istifadə vərdişlərini dəyişməkdən ibarətdir. 

Ekoloji fəallar bu qərarı alqışlasa da, buna qarşı etirazlar da var. Ət və turizm şirkətləri hesab edirlər ki, bu qadağa insanların seçim azadlığına müdaxilədir. 

Qeyd edək ki, Amsterdam həm əti, həm də yanacağı eyni vaxtda qadağan edən ilk paytaxt kimi tarixə düşüb. Bu qərarın insanların gündəlik vərdişlərinə necə təsir edəcəyi zamanla bəlli olacaq.

Təhminə VERDİYEVA, 

“Azərbaycan”

Избранный
34
azerbaijan-news.az

1Источники