RU

Adil Qeybulla: “Kim öz ölüsünü yarmağa qoyur? Bax problem budur. Cəmiyyət psixoloji baxımdan yetkinləşməlidir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2022-ci il yanvarın 1-dən etibarən Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində yeni dövr başlayıb. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Qanun” qüvvəyə minib və artıq orqanların götürülməsi, saxlanması və köçürülməsi prosesi qanunla tam şəkildə tənzimlənir. Yeni qaydalar sayəsində bu proses yalnız müəyyən edilmiş tibb müəssisələri vasitəsilə həyata keçirilir və həm donorların, həm də xəstələrin hüquqları qorunur. Artıq ölkədə transplantasiya əməliyyatları daha şəffaf, təhlükəsiz və idarəolunan sistem çərçivəsində aparılır, vətəndaşlar isə bu imkanlardan qanuni şəkildə yararlana bilirlər.

Ölkəmizdə ən çox hansı orqan transplantasiyasına tələbat var, səbəbi nədir? Orqan transplantasiyası ilə bağlı hansı problemlər mövcuddur?

Bu barədə Bizimyol.info xəbər portalına həkim-cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda səhiyyə sistemi hələ tam şəkildə formalaşmadığı üçün donor tapmaq çətindir: “Ümumiyyətlə, Azərbaycanda orqan nəqli ilə bağlı sistemli bir yanaşma hələ formalaşmayıb. Düzdür, epizodik olaraq ayrı-ayrı klinikalarda orqan transplantasiyaları həyata keçirilir və xeyli irəliləyişlər var. Amma orqan köçürülməsi təkcə cərrahi əməliyyat deyil. Burada iki vacib məqam var:

Birincisi, donor mənbəyidir. Azərbaycanda səhiyyə sistemi hələ tam şəkildə formalaşmadığı üçün donor tapmaq çətindir. Hazırda donorlar əsasən yaxın qohumlardan olur – bacı, qardaş, ata-ana. Ona görə ki, onların bir-birinə donor verməsi məntiqi görünür. Burada bioloji və mənəvi prinsiplər rol oynayır.

İkincisi, orqan köçürülmüş şəxsin uzun müddət yaşaması şərtinin təmin edilməsidir. Əlbəttə bununla bağlı Səhiyyə Nazirliyinin xüsusi etik komissiyası var- etik komissiyası onu araşdırır. Bu komissiya donorun təmənnasız olub-olmadığını, hər hansı kriminal və ya maliyyə motivlərinin olub-olmadığını araşdırır. Təəssüf ki, hazırda təmənnasız orqan vermək praktiki olaraq çox nadirdir və buna görə komissiya tez-tez donorun verilməsini rədd edir, hesab edir ki, burda başqa məqsədlər var”.

Adil Qeybulla həmçinin vurğulayıb: “Problem ondadır ki, donor mənbəyi beyin ölümü keçirmiş, praktiki sağlam şəxslər olmalıdır - məsələn, avtomobil qəzası keçirmiş və ya kəskin xəstəlikdən dünyasını dəyişmiş insanlar. Amma bizdə kim o şəxslərdən orqan götürməyə icazə verir? Kim öz ölüsünü yarmağa qoyur? Bax problem budur. Cəmiyyət psixoloji baxımdan buna hazır olmalı, yetkinləşməlidir, təbliğat aparılmalı və izah edilməlidir ki, bu orqanlar insan öldükdən sonra onsuz da məhv olur və ən azı bir başqa insanın həyatına başlanğıc verə bilər”.

Adil Qeybulla qeyd edir ki, uğurlu əməliyyatdan sonra xəstənin uzun və ya qısa müddət yaşaması məhz bu dərmanların təsirindən asılı olur: “Digər məsələ odur ki, orqan köçürülməsi əməliyyatı uğurla başa çatdıqdan sonra, həmin orqanların orqanizmə adaptasiyası üçün immunosupressiv, yəni immun sistemi zəiflədən müalicə tələb olunur. Təəssüf ki, bu müalicənin düzgün seçilməsi son dərəcə vacibdir, çünki dərmanların özünün də köçürülən orqana toksik təsiri ola bilər. Ona görə də bəzən uğurlu əməliyyatdan sonra xəstənin uzun və ya qısa müddət yaşaması məhz bu dərmanların təsirindən asılı olur.

Bu immunosupressiv dərmanlar arasında məsələn, takrolimus və digər preparatlar istifadə olunur. ABŞ-da keçirilmiş son konfransda biz gördük ki, orada “batalasep” adlı başqa bir immunosupressiv maddə tətbiq olunur, onun nefrotoksik təsiri daha azdır və xəstələr daha uzun müddət yaşaya bilirlər. Bütün bunlar orqan transplantasiyasında şərt və vacib amillərdir”.

Adil Qeybulla əlavə edib: “Digər tərəfdən, hazırda bioprastitika sahəsində, yəni donuzlar üzərində aparılan bioloji mühəndislik işləri nəticəsində onların genləri insan genlərinə yaxınlaşdırılır. Bu orqanlar insanlara köçürüldükdə immun reaksiyanın qarşısını almağa xidmət edir. Bu sahədə çox ciddi işlər aparılır və xeyli nəticələr əldə olunub. Qarşıdakı illərdə bu istiqamətdə müəyyən addımların atılması gözlənilir. Düzdür, artıq donuzdan müəyyən orqanların, məsələn, ürək klapanlarının köçürülməsi həyata keçirilir. Amma bu texnologiya geniş tətbiq olunarsa, orqan transplantasiyasında ciddi dönüş yaratmaq potensialına malikdir.”

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
icma.az

1Источники