RU

Yaxın Şərq böhranı qlobal turizmi də əngəlləyir

Azərbaycan isə dünyanın hər yerindən gələn səyahətçilər üçün açıqdır

Bu gün dünya turistlərinin diqqətini cəlb etmək üçün ölkəmizdə müxtəlif istiqamətlərdə fəal işlər görülür. İqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırır. Son illər beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaratmış, tanınması prosesində mühüm rol oynamışdır.

Dünyada bəzi dövlətlər arasında gərginləşən münasibətlər, Yaxın Şərq regionunda müharibə ehtimalının daha da artması digər sahələr kimi, turizmə də mənfi təsirlər göstərib. Xüsusilə təhlükəsizlik narahatlıqları səbəbilə bir çox ölkə vətəndaşlarına müəyyən bölgələrə səyahət etməməyi tövsiyə edir. Bu isə turizm axınının azalmasına, otellərdə və turizm xidmətlərində geriləməyə səbəb olur. Qlobal turizm son dövrlərdə yalnız iqtisadi deyil, həm də təhlükəsizlik faktorlarının təsiri ilə də zəifləyir. Xüsusilə Yaxın Şərqdə artan hərbi gərginliklər və genişlənən münaqişə ocaqları beynəlxalq səyahət axınlarını ciddi şəkildə azaldır.

Bu gün də davam edən hərbi toqquşmalar və hava hücumları nəticəsində hava məkanının bağlanması və ya məhdudlaşdırılması, həm yerli, həm də xarici turistlərin bölgəni tərk etməsini olduqca çətinləşdirib. Bu baxımdan turistlər planlaşdırdıqları səfərləri ya təxirə salır, ya da ləğv edir. Müharibə təhlükəsi insanların səyahət etmək istəyini azaldır və bu, turizmi iqtisadi tənəzzülə gətirib çıxarır.

Ölkəmizə gələn xarici turistlər adətən çox müsbət təəssüratla ayrılmaqla Azərbaycanın həm təbiətini, həm də mədəniyyətini maraqlı və unikal hesab edirlər. Turistlər xüsusilə Bakının müasir binalarını, təmiz küçələri və dənizkənarı bulvarını, tarixi yerlərini bəyənir və bu, onlarda dərin təəssürat yaradır. Şəhərin köhnə və yeni hissəsinin bir yerdə olması onlarda böyük maraq yaratmaqla yanaşı, qədim tarixin və mədəniyyətin qorunmasını yüksək qiymətləndirirlər. Həmçinin təbiət və bölgələr, dağlar və kəndlər turistlərə sakitlik, gözəllik bəxş edir. Xüsusilə Azərbaycanın müxtəlif iqlimi və mənzərələri onları heyran qoyur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 172 ölkəsindən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3,0 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1,0 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil etmişdir.

Bir neçə aydır davam edən regiondakı məlum müharibə turizm sektoruna çox ciddi və çoxşaxəli təsir göstərir. Odur ki, müharibə və təhlükəsizlik riski turist axınının azalmasında ən həssas faktordur. Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinə səyahət edənlərin və oradan gələn turistlərin də sayında kəskin azalma müşahidə olunur. Bəzi ölkələr isə turistlər üçün, ümumiyyətlə, “riskli zona” kimi qəbul edilir. Münaqişə regionda artıq “təhlükəsiz turizm məkanı” imicini itirib və bu, uzunmüddətli təsir yaradır. Uçuşların ləğv edilməsi və hava məkanının bağlanması turizm xərclərini artırmaqla səfərləri daha da çətinləşdirir. Beləliklə, hotellər, restoranlar, turlar və aviaşirkətlər böyük itkilər yaşayır. Müharibə nəticəsində neftin qiymətinin kəskin artması da aviabilet qiymətlərini və tur paketlərinin bahalaşmasına səbəb olub. Münaqişə təkcə regiona yox, bütün dünyaya təsir edir, hava marşrutları uzanır, sığorta və təhlükəsizlik xərcləri artır.

Turizm üzrə ekspert Rəhman Quliyev mövzu ilə bağlı XQ-yə bildirib ki, dünyada baş verən siyasi gərginlik, Yaxın Şərqdə baş verən silahlı müharibə, artilleriya döyüşləri, eyni zamanda, Şərqi Avropadakı müharibə də ümumi olaraq qlobal turizmə çox ciddi təsir göstərir. Bu gün hesab edirəm ki, Azərbaycanın da bu zərərlərdən payı var. Çünki Dünya Səyahət və Turizm Şurasının açıqlamalarına görə, gün ərzində müharibə dövründə 600 milyon dollardan çox beynəlxalq turizmə zərər dəyir. Əlbəttə ki, biz nəzərə alsaq ki, müharibə dövründən qabaq Körfəz ölkələrindən kütləvi surətdə Azərbaycana turist gəlirdi. Bu gün həmin ölkələrin hava limanları öz fəaliyyətini dayandırıb. Düzdür, indi qismən bərpa etsə də, amma insanların sosial durumu, hələ ki, turist potensialını dəstəkləmir. Çünki dünya təcrübəsi də onu göstərir ki, müharibəyə cəlb olunan ölkələrin iqtisadiyyatı çökür, zəifləyir və burada insanların sosial rifahı da aşağı düşür. Təbii ki, ikinci bir problem də Asiya ölkələrindən Azərbaycana gələn aviareyslərin bir çoxunun Körfəz ölkələrinin hava məkanından istifadə etməsidir. Bu isə həmin Körfəz ölkələrinin hava məkanları bağlı olduğuna görə, aviareyslər ya ləğv olunur, yaxud da ki, istiqamətini dəyişir. Bu da çox ciddi, yəni turist itkisinə səbəb olur. Həm qiymət bahalaşır, eyni zamanda, təhlükəsizlik baxımından da turistlər səfərlərdən yayınırlar.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, hava nəqliyyatındakı gərginlik qlobal turizmi də zəiflədir. İnsanlar müharibə bölgəsinə yaxın yerlərə getməkdən çəkinir, “Qorxu effekti” hətta uzaq ölkələrə də təsir edir. Nəticədə turistlər alternativ istiqamətlər seçir. Xüsusilə Avropa ölkələri bu səbəbdən turist qazanır. Bu müharibələr üzündən regionda turizm demək olar dayanır, xərclər artır, avia və logistika sistemi pozulur.

Sözsüz, zəngin tarixə, nadir mədəniyyətə və unikal təbii sərvətlərə malik Azərbaycanın dünyanın hər yerindən gələn turistlər üçün cəlbedici məkandır. Odur ki, turizm Azərbaycana həm iqtisadi fayda gətirir, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır. Eyni zamanda, iqtisadiyyatı və mədəni əlaqələri güclənməklə yanaşı, ölkəmizin inkişafına müsbət təsir göstərir.

Müşfiq MİRZƏ
XQ

Избранный
39
1
xalqqazeti.az

2Источники