RU

Parlamentdə hamının yanından keçdiyi, az adamın gördüyü sirr ARAŞDIRMA

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Milli Məclis binası Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas məkanlardan biridir. Bu bina hər zaman ölkəmizdə taleyüklü hadisələrin mərkəzində yer alıb. Hələ keçmiş SSRİ dövründə tətbiq olunan mərkəzləşdirmə siyasətindən başlayaraq, 1991-ci il dövlət müstəqilliyimizi bərpa etdiyimiz tarixi mərhələyə qədər bir çox prosesin şahidi olub. Burada siyasi təlatümlər, unudulmaz çıxışlar, ölkənin suverenliyini möhkəmləndirən qanunlar qəbul edilib, dövlət institutlarının formalaşması istiqamətində əsaslı addımlar atılıb.Parlament diplomatiyası xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha dinamik mərhələyə keçərək beynəlxalq əməkdaşlığın mühüm platformasına çevrilib. Bu dövrdə parlament binasında yüzlərlə xarici diplomat, parlament sədri və deputat heyətləri qəbul olunaraq Azərbaycanın mövqeyi fəal şəkildə təqdim edilib və parlamentlərarası əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Bu baxımdan parlamentin spikeri və deputatlarla yanaşı, xarici qonaqları qəbul edən binanın memarlıq görünüşü və interyerində əks olunan zəngin milli mədəniyyət nümunələri xüsusi əhəmiyyət daşıyır.

Dünyanın bir çox ölkələrinin parlament binalarında milli-mənəvi və tarixi irsi əks etdirən rəsm əsərləri, freskalar və heykəllər geniş yer alır. Bu bədii-kompozisiya həm də dövlətin kimliyini, tarixi yaddaşını və dəyərlər sistemini ziyarətçilərə və rəsmi qonaqlara vizual şəkildə təqdim edir. Bu baxımdan İtaliya, Fransa, Avstriya, Macarıstan parlamentlərinin binaları nümunə göstərilə bilər. Təbii ki, bu da təsadüfü deyil, çünki hər bir dövlət parlament məkanında özünü necə təqdim edirsə, dünyanın onu qəbul etməsində bu məsələ üstün rol oynayır.

Bu mənada Azərbaycan parlamentində sizi çəkən nəsə olubmu? Bəlkə də toxunacağımız məqam çoxumuzun diqqətindən qaçıb...

Bəli, Milli Məclisin foyesində yerləşən və dünya parlamentarilərini valeh edən xüsusi bir əsər var. Bu freska Azərbaycanı bir baxışda göstərən vizual manifest kimi çıxış edir.

Məsələnin vacibliyini nəzərə alan Modern.az saytı Milli Məclisdə bir çox xarici ölkənin deputat və diplomatlarına Azərbaycanı təqdim edən Toğrul Nərimanbəyovun “Çiçəklən, doğma Azərbaycan” freskasının tarixini araşdırıb.

İkinci dəfə doğulan əsər

Bu əsər dünyaşöhrətli azərbaycanlı rəssam Toğrul Nərimanbəyova məxsusdur. Böyük sənətkar dünyasını dəyişdiyindən, onun qızı - Fransada yaşayan məşhur Azərbaycan rəssamı Əsmər Nərimanbəyovadan bu əsərin necə ərsəyə gəldiyini və tarixcəsini öyrəndik.Milli Məclisin indiki binasının bir hissəsi 1970-ci illərdə tikilib və memarlığı Tahir Abdullayev, tikintiyə isə nəzarəti Əliş Ləmbəranski edib.

“Tikinti ərəfəsində bu binanı ziyarət edən o zaman SSRİ Ali Soveti İttifaq Soveti sədrinin müavini olan rəhmətlik Heydər Əliyev parlamentin foyesindəki əsas divara freska çəkməyi təklif edib. Bir ay ərzində atam tariximizə həsr olunmuş, milli elementlərlə zəngin, rəngarəng nəhəng bir əsər yaradıb”.Bu freska binanın açılışında iştirak edən Heydər Əliyevin diqqətini xüsusi olaraq çəkib:

“Heydər Əliyev binanın açılışında iştirak edərkən freskadan çox məmnun qaldığını bildirib. Həmin gün atam haqqında çoxlu gözəl sözlər deyilib və 33 kvadratmetr ərazini əhatə edən bu nəhəng əsərə heyranlıq ifadə edilib”.

Toğrul Nərimanbəyov müəllifi olduğu "Çiçəklən, doğma Azərbayacan" freskasının qarşısında. Milli Məclis 2000-ci illər.

Binanın tikintisi 70-ci illərin sonunda yekunlaşsa da, 1980-ci illərin sonlarında Tahir Abdullayevin layihəsi əsasında Azərbaycan SSR Ali Soveti üçün ikinci bina tikilib. Bina “Sovet modernizmi” memarlıq abidəsidir və hazırda da dövlət tərəfindən qorunub. Bəzi mənbələrdə 1980-ci illərdə ikinci binanın inşası müxtəlif səbəblərlə izah olunur. Əsmər Nərimanbəyova isə bildirir ki, 80-ci illərdə Ermənistanla münaqişə başlayanda bina çoxlu dağıntılara məruz qalıb. Binanın qarşısında nümayişlər, etirazlar keçirildiyindən bu freskanın görünüşünə də təsir edib.

Əsərə ikinci həyat İlham Əliyev Prezident seçildikdən sonra verilir

“İlham Əliyev Prezident seçildikdən sonra binanın təmiri başladı və atam freskanın bərpası üçün təklif aldı. Bu dövrdə atamın Parisdəki bir qalereya ilə müqaviləsi var idi və o, xaricdə yaşayırdı”.Əsər tamamilə tanınmaz halda idi və bunu Nərimanbəyovlar ailəsi görəndə dəhşətə gəliblər.

“Parlamentdən mənimlə əlaqə saxladılar. İşlər müdiri Firudin müəllim bu rəsmin hazırkı vəziyyətini görməyə və mümkünsə eskizləri bərpa etmək üçün atamın köməyinə ehtiyac olduğunu çatdırmaq üçün məni Bakıya dəvət etdi. Nə baş verdiyini görəndə dəhşətə gəldim… Hər şey yenidən rənglənməli və demək olar ki, əsər məhv olduğu üçün daha çox şey əlavə edilməli idi”.

İkinci dəfə atam əsərə başqa səhnələr də əlavə etdi:

“Atama zəng edib freskanın dəhşətli vəziyyəti barədə danışdım. O, Prezidentdən bu təklifi aldıqdan sonra Parisdən Bakıya gəldi və onu bərpa etməyə, kompozisiyanı dəyişdirməyə və bir çox maraqlı səhnələr əlavə etməyə başladı”.

Beləliklə, Toğrul Nərimanbəyov 77 yaşında bu əsəri bərpa etmək üçün 33 metrlik konstruksiyaların üzərində dayanaraq onu yenidən çəkir.

“Bu rəsmin ikinci həyatı 2000-ci illərin əvvəllərində, daha dəqiq desək, binada təmir işləri aparıldığı 2007-ci ildə oldu. Eyni zamanda, atam bu əsəri 33 metrlik konstruksiyaların üzərində dayanaraq yaratdı. O, günlərlə çalışdı və 20 gün ərzində freska tamamlandı. Prezident İlham Əliyev binanın açılışında iştirak edəndə əsərdən çox məmnun qalmışdı. Freska hələ də parlamentin foyesini bəzəyir. Bir çox nümayəndə heyəti və hökumətin rəsmi qonaqları bu əsəri qeyd edir və onunla şəkil çəkdirirlər” - deyə Ə. Nərimanbəyova əlavə edib.

Prezident İlham Əliyev 2009-cu ildə Milli Məclisin ikinci korpusunun açılışında

 

Milli Məclisə hər dəfə gedəndə bu əsər daha çox diqqətimi çəkir

Deputat, Əməkdar rəssam Ülviyyə Həmzəyeva da bu füsunkar əsər haqqında fikirlərini bizimlə bölüşüb.

Deputat bildirib ki, Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənətində rəngi düşüncəyə, kompozisiyanı duyğuya, milli ruhu isə sənətin canlı nəfəsinə çevirə bilən nadir sənətkarlardandır:“Onun monumental yaradıcılığı ayrıca bir mərhələdir. Bakıdakı Kukla Teatrının foyesində 1975-1978-ci illərdə yaratdığı “Nağıllar aləmində” divar rəsmi, ardınca 1978-ci ildə keçmiş “Moskva” mehmanxanasındakı “Aşığın nəğməsi” əsəri Toğrul Nərimanbəyovun monumental düşüncəsinin necə ardıcıl inkişaf etdiyini göstərir və digər divar rəsmləri də rəssamın böyük miqyaslı kompozisiyalara olan marağını və ustalığını nümayiş etdirir”.Ü. Həmzəyeva vurğulayıb ki, Toğrul Nərimanbəyov divar rəngkarlığını sənətin ən məsuliyyətli sahələrindən biri hesab edirdi:“Toğrul Nərimanbəyov qeyd edirdi ki, kətan üzərində işlənmiş əsərləri sonradan dəyişmək mümkün olduğu halda, divar üzərində yaradılmış sənət əsəri artıq geri dönüşü olmayan bir prosesdir. Bu səbəbdən hər detal əvvəlcədən düşünülməli və mükəmməl şəkildə icra olunmalı idi”.

Toğrul Nərimanbəyovun “Çiçəklən, doğma Azərbaycan” freskası rəssamın monumental yaradıcılığının zirvələrindəndir:

“Bu freskanın ən böyük uğuru ondadır ki, burada vətən mövzusu sadəcə təsvir olunmur, yaşadılır. Əsərin adı özü artıq daxili bir müraciət, mənəvi bir çağırış təsiri bağışlayır. “Çiçəklən, doğma Azərbaycan” adının içində sevgi də var, məsuliyyət də var, estetik heyranlıq da var, dua kimi səslənən bir səmimiyyət də. Rəssam burada Azərbaycanı uzaqdan baxılan bir mənzərə kimi deyil, içindən duyulan, taleyi ilə yaşanılan doğma bir məkan kimi təqdim edir”.Millət vəkili qeyd edib ki, kompozisiya baxımından bu əsər çoxfiqurluluğu, dinamizmi və güclü simvolizmi ilə diqqəti cəlb edir:

“Mərkəzdə Azərbaycanın rəmzlərindən biri olan, üç rəngli bayrağımıza bürünən Qız qalasının görüntüsü, Dədə Qorqud eposundan nümunələr, əlində sazı olan Aşıq obrazı, dahi Füzulinin, Nizaminin və əsərlərinin hissələri, həyat ağacının və hər bölgəmizə aid atributikasını, dağları, çayları, İpək yolu üzərində hadisələr də diqqəti cəlb edir. Onun ətrafında isə nar, xalça ornamentləri, folklor motivləri, tarixi obrazlar, ana fiquru və təbiət elementləri harmonik şəkildə birləşir. Əsərdə nar xalqın birliyini və bütövlüyünü, xalça ornamentləri milli yaddaşın və mədəni irsin, insan fiqurları cəmiyyətin müxtəlif təbəqələrinin birliyini, təbiət motivləri vətənə bağlılıq və torpaq sevgisini ifadə edir. Bu elementlərin vəhdəti məhz “Çiçəklən, doğma Azərbaycan” ideyasını formalaşdırır”.

ATƏT-in fəaliyyətdə olan sədri Bücar Osmani Azərbaycana səfəri çərçivəsində 12 aprel 2023-cü il tarixində parlamentə ziyarəti zamanı diqqətini çəkən həmin freska

Ülviyyə Həmzəyeva qeyd edib ki, Toğrul Nərimanbəyovun yaradıcılığının əsas cəhətlərindən biri onun parlaq və emosional rəng palitrasıdır.

“Onun əsərlərində rənglər də sanki danışır. Qırmızı həyat enerjisi və mübarizə, yaşıl dirçəliş və təbiət, mavi sülh və ümid rəmzi kimi çıxış edir. Rəssamın üslubu ekspressivlik, güclü rəng kontrastları, milli motivlərin müasir interpretasiyası və şərq ornamentikasının yenilikçi təqdimatı ilə səciyyələnir”.

Əslində Milli Məclisin foyesini bəzəyən bu əsər ilk baxışdan böyüklüyü ilə diqqət çəksə də onun əzəməti Azərbaycan mədəniyyətini özündə göstərməyi ilə seçilirdi. Mənim də diqqətimi məhz belə çəkmişdi... Əsərə saatlarla baxmaq mümkündür... Ülviyyə Həmzəyeva isə bu əsəri diqqətçəkən edən başqa məqamın onun memarlıq məkanı ilə vəhdət halında olması ilə də əlaqələndirir:

“Həqiqi monumental sənət əsəri sadəcə böyük ölçüdə çəkilən iş deyil. O, yerləşdiyi məkanın ruhuna daxil olmalı, həmin məkanın mənasını genişləndirməlidir. “Çiçəklən, doğma Azərbaycan” məhz belə əsərdir. O, parlamentin foyesində sadəcə asılmış və ya yerləşdirilmiş təsvir təsiri bağışlamır! O, sanki həmin məkanın mənəvi davamına çevrilir. Kompozisiya, rəng həlli, stilizasiya və ümumi bədii quruluş bu monumentallığı daha da qüvvətləndirir”.

Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq

Əsərdən Azərbaycanın azadlığı və zəfər ətri gəlir

Əsərdə fiqur zənginliyi xaosunda xalq motivlərini, Azərbaycanın qədim folklor səhnələrini, milli geyim elementlərini, Novruz-təbiət elementlərini görmək mümkündür:

“Bu əsərdən Azərbaycanın azadlığı və zəfər ətri gəlir. Bu simvolları birləşdirmək məharəti xaotik kompozisiya deyil, ritmik baxış yaradır. Bir nöqtədən digərinə keçən kompozisiya sanki canlı bir tarix axınını ifadə edir…”

Həmsöhbətim deyir ki, parlamentdə belə bir əsərin olması təsadüfü deyil, hər əsər, bəzən rəssamdan asılı olmayaraq, özü öz taleyini müəyyən edir. Bu divardakı əsər ideyanın böyüklüyünü vurğulayır və parlament binasında yerləşməsi də özündə dövlətçilik atributlarının önəmini bir daha vurğulayır:“Dahi Toğrul yaradıcılığında millilik yalnız görünən detallar toplusu deyil. Onun sənətində millilik daxili ovqatın özüdür. Məhz buna görə bu freskada xalça naxışı, xalq motivi, tarixi obraz və ya etnoqrafik detal ayrı-ayrı deyil, vahid ruh kimi yaşayır. Burada Azərbaycan ornamental gözəlliklə deyil, estetik təfəkkürlə təqdim olunur. Rəssam milli olanı yalnız göstərmir, onu yüksək bədii səviyyəyə qaldırır. Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənətində silinməz iz qoymuş, milli dəyərləri və vətən sevgisini əsərlərində yüksək bədii səviyyədə ifadə etmiş böyük sənətkardır. Onun yaradıcılığı Azərbaycan mədəniyyətini dünyaya tanıdan mühüm sənət hadisələrindən biridir” - deyə millət vəkili, Əməkdar rəssam bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov da bu əsərin sirrini açmaqda bizə köməklik etdi:O bildirdi ki, Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı “Çiçəklən, doğma Azərbaycan” adlı monumental divar rəngkarlığı həm miqyasına, həm də məzmun zənginliyinə görə seçilərək, Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti və xalq həyatını ümumiləşdirilmiş bədii obrazlar vasitəsilə bir araya gətirən geniş və çoxplanlı təsvir sahəsi yaradır.

Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol mətbuata bəyanatla çıxışı. Foye.

“Nəticə etibarilə, “Çiçəklən, doğma Azərbaycan” əsəri müxtəlif mövzuların, – tarix, folklor, musiqi, təbiət və gündəlik həyatın vahid bədii bütövlük daxilində birləşdirildiyi dolğun və zəngin məzmunlu bir təsvir yaradır. Əsərdə hər bir detal ümumi ideyaya xidmət edir və birlikdə baxıldıqda bütöv, zəngin və təsirli bir bədii məkan formalaşır. Bu baxımdan, əsər interyerin bədii tərtibatı ilə yanaşı Azərbaycan həyatının geniş və ümumiləşdirilmiş ifadəsini əks etdirir” - o qeyd edib.

Onu da qeyd etməliyik ki, parlament binasında belə bir əsərin hazırlanması, təbii ki, təsadüfi deyildi. Hələ SSRİ-nin tərkibində olarkən milli kimlik və müstəqillik ideyasını simvolik şəkildə ifadə edən bu əsər, əslində, gələcək dövlətçilik təfəkkürünün bədii manifesti kimi çıxış edirdi. O dövrdə açıq şəkildə səsləndirilə bilməyən suverenlik arzusu sənət dili ilə çatdırılır, milli yaddaş və özünüdərk qorunurdu.

Ərazi bütövlüyümüzün bərpası dövründə isə bu əsər daha parlaq, daha işıqlı, daha gerçək görünür.

Çiçəklən, doğma Azərbaycan!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
modern.az

1Источники