İtaliyanın baş naziri Ciorcia Meloni ölkəmizə səfəri çərçivəsində Azərbaycandan qaz ixracının artırılması imkanlarını müzakirə edib. Xatırıadaq ki, Azərbaycan prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev İtaliyanın Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşı olduğunu vurğulayıb: "Ötən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib".
Prezident qeyd edib ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb. Ötən il ixrac edilən 25 milyard kubmetr təbii qazın 9.5 milyardı İtaliya bazarına yönəldilib. Bu həcmin artırılması üçün Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Dövlət başçısı hərbi-texniki sahəni yeni və ümidverici istiqamət adlandırıb: "İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var". Həmçinin bildirilib ki, ARDNF son illərdə İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub, işğaldan azad olunmuş ərazilərdə isə 23 İtaliya şirkəti layihələr icra edir. Ciorcia Meloni Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra İtaliyanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun həlledici olduğunu bildirib: "Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq". Baş nazir 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forumun keçiriləcəyini elan edib. O, həmçinin aerokosmik sənaye, dəniz təhlükəsizliyi və mühüm infrastrukturun mühafizəsi sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Qeyd edilənlər kontekstində Cənub Qaz Dəhlizi layihəsi xüsusi qeyd olunmalıdır. Layihənin əsas seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına nəql olunur. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. İtaliya bu layihə sayəsində enerji mənbələrini şaxələndirir, Azərbaycan isə öz enerji ixracını genişləndirərək beynəlxalq mövqeyini gücləndirir. İqtisadi əməkdaşlıq enerji sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və uzun illərdir ki, Azərbaycanın ixracında ilk yerlərdən birini tutur. Azərbaycan əsasən xam neft və qaz ixrac edir, əvəzində isə İtaliyadan sənaye məhsulları, texnologiyalar və müxtəlif avadanlıqlar idxal edir. Bu qarşılıqlı ticarət əlaqələri hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir. Mədəni və humanitar sahələrdə də əməkdaşlıq diqqətəlayiqdir. İtaliya zəngin mədəni irsi ilə tanınan ölkədir və bu sahədə Azərbaycan ilə bir sıra layihələr həyata keçirilir. Mədəniyyət günləri, sərgilər, təhsil proqramları və turizm sahəsində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Azərbaycan tələbələrinin İtaliyada təhsil alması, həmçinin italyan mədəniyyətinin Azərbaycanda təbliği bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu, iki ölkə arasında humanitar sahələrdə də əlaqələrin davamlı şəkildə inkişaf etməsinin təzahürdür. Bu sahə üzrə münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun və yüksək humanist addımları, səmərəli ictimai fəaliyyəti ilə dünyada böyük hörmət sahibi olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin dərin izləri var. Belə ki, Müqəddəs Marçellinio və Pietro katakombaları Fondun dəstəyi ilə bərpa edilib və Mehriban Əliyeva katakombaların açılış mərasimində iştirak edib. Həmçinin Vatikanda dünya üçün xüsusi önəm daşıyan qiymətli əsərlərin qorunması naminə şəxsən Mehriban Əliyevanın təşəbbüslərinin dünyada misli yoxdur. Bu missiya nəinki İtaliya-Azərbaycan münasibətlərinə, o cümlədən dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına, möhkəmlənməsinə verilən mühüm töhfədir.
Ramil QULİYEV