ABŞ-da ömürlük həbs cəzası çəkən, Sinaloa kartelinin lideri kimi tanınan Xoakin Quzman növbəti dəfə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Koloradoda yüksək təhlükəsizlikli həbsxanada saxlanılan Quzman Nyu-Yorkun Şərq Dairəsi Federal Məhkəməsinə müraciət edərək Meksikaya ekstradisiya olunmasını tələb edib. O, ərizəsində həbs şəraitində qeyri-insani rəftara məruz qaldığını, həmçinin məhkəmə prosesində ciddi pozuntuların olduğunu iddia edib.
Quzman bildirib ki, ona qarşı irəli sürülən ittihamlarla doğma ölkəsində – Meksikada üzləşmək istəyir.
Lakin işi araşdıran hakim Brayan Koqan bu tələbi “əsassız” hesab edərək rədd edib. Məhkəmə qərarında ekstradisiya üçün hüquqi əsasların olmadığı vurğulanıb.
Qeyd edək ki, Xoakin Quzman 2019-cu ildə ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib. Onun rəhbərlik etdiyi Sinaloa karteli ABŞ tərəfindən əsasən fentanil tədarükündə mühüm rol oynamaqda ittiham olunur.