RU

Rumıniya nəşri: Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Rumıniyanın iqtisadi “mühərriklərini” qoruyur

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Buxarest, 5 may, AZƏRTAC

Şərqi Avropada enerji və nəqliyyat infrastrukturunun həssaslığı fonunda alternativ marşrutlara maraq artıb və bu kontekstdə Azərbaycanın əsas iştirakçısı olduğu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi strateji əhəmiyyət qazanıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Mediafax” nəşrində dərc olunan məqalədə regionda geosiyasi gərginliklərin artması və ənənəvi marşrutlar üzrə qeyri-müəyyənliyin yüksəlməsinin Rusiya, Belarus və Ukrayna üzərindən keçən nəqliyyat xətlərinin etibarlılığına təsir göstərdiyi, bunun isə Avropa ölkələrini yeni logistika və enerji yolları axtarmağa vadar etdiyi bildirilir.

Məqalədə qeyd olunur ki, bu şəraitdə Trans-Xəzər Orta Asiyanı Avropa ilə birləşdirən alternativ marşrut kimi ön plana çıxır və bu marşrutun əsas logistik qovşaqlarından biri məhz Azərbaycandır. Yüklər və enerji resursları Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılır, buradan isə Gürcüstan üzərindən Qara dənizə və Avropaya yönləndirilir.

Nəşr vurğulayır ki, Azərbaycan bu prosesdə yalnız tranzit ölkə deyil, eyni zamanda, enerji resurslarının ixracatçısı kimi də çıxış edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, ölkənin həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətini artırır.

Məqalədə bildirilir ki, multimodal xarakter daşıyan bu dəhliz – dəniz, dəmir yolu və avtomobil nəqliyyatını birləşdirərək – alternativ və daha sabit təchizat zənciri yaradır. Həmçinin Rumıniya üçün bu marşrutun əhəmiyyəti xüsusi qeyd olunur. Ölkənin neft tələbatının böyük hissəsi idxal hesabına ödənilir və əsas təchizatçı Qazaxıstandır, Azərbaycan isə mühüm tərəfdaşlardan biri kimi çıxış edir.

Eyni zamanda məqalədə vurğulanır ki, Qara dənizdə yerləşən Konstansa limanı bu axınların Avropaya çıxışında mühüm rol oynasa da, Rumıniya bu sahədə Bolqarıstan və Türkiyə ilə rəqabət aparır və mövqeyini qorumaq üçün infrastrukturun inkişafı vacib hesab olunur.

Analitiklərin fikrincə, Azərbaycanın iştirak etdiyi Trans-Xəzər marşrutunun gücləndirilməsi region ölkələrinin geoiqtisadi rolunu artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyi sistemində də mühüm balans yaradır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
2
azertag.az

3Источники