Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin ilk rübündə Azərbaycanda mehmanxana sektorunun gəlirlərində artım müşahidə olunub. Yanvar-mart aylarında hotellərin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq 128,7 milyon manata çatıb
Gəlirlərin əsas hissəsi nömrələrin (otaqların) təqdim olunmasından formalaşıb – 58,2%. İctimai iaşə xidmətləri 27,3%, müalicə və sağlamlıq xidmətləri 3,8%, digər xidmətlər isə 10,7% paya malik olub.
Diqqətçəkən məqam isə ondan ibarətdir ki, hotellərin qazancının artması fonunda ölkəmizə gələn turistlərin sayı azalıb.
Belə ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Buna səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, turistlərin azalması fonunda hotellərin gəlirlərinin artmasının bir səbəbi var:
“Bu da ölkəmizə gələn turistlərin gecələmək üçün məhz hotelləri seçməsidir. Bilirsiniz ki, ölkəmizə gələn turistlər müxtəlif platformalar üzərindən qalmaq üçün yerlər kirayələyirlər. Kirayələnən obyektlər sırasında hotellər, fərdi mənzillər və digər qonaq evləri var. Amma birinci rübdə ölkəmizə gələn turistlər hotellərdə qalmağa daha çox üstünlük veriblər. Bu da ola bilsin ki, hava şəraiti ilə bağlıdır. Çünki fərdi mənzillər əsasən yay aylarına daha çox kirayələnir”.
Müsahibimiz onu da qeyd edib ki, hotellər üzrə göstəricilərin yüksəlməsinin digər səbəbi fəaliyyətdəki şəffaflığın artmasıdır:
“Hotellər bu gün öz fəaliyyətlərini daha şəffaf qururlar. Nəticədə vergidən yayınma halları azalır. Belə vəziyyətdə isə real rəqəmlər ortaya çıxır. Hesab edirəm ki, hotellərin gəlirlərinin artmasının əsas səbəblərindən biri də doğru gəlirlərin düzgün bəyan edilməsidir. Burada qiymət siyasəti də mühüm rol oynayır. Hotellər digər sektorlarla rəqabətdə daha münasib qiymətlər təqdim edirlər. Nəticədə turistlər hotellərə daha çox maraq göstərirlər”.
Surxay Atakişiyev, Bizim.Media