RU

“Çox istərdik ki, Əhməd Cavadın Bakıda heykəli ucaldılsın, sümük qalıqları tapılsın...” - Cavad Axundzadə - FOTO+ÖZƏL

“Əhməd Cavad yaradıcılığı büsbütün türkçülük, Azərbaycançılıq ideyalogiyasına söykənir. Babamın şeirlərinə bəstələnmiş mahnılar nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da dilər əzbəridir. Əlbəttə ki, mənim üçün vacib məsələlərdən biri Əhməd Cavadın Bakı Şəhərinin mərkəzində heykəlinin ucaldılmasıdır. Bu nəinki mənim, Əhməd Cavadın ailəsinin, həmçinin bütün dünya azərbaycanlılarının arzusudur. Bildiyiniz kimi Əhməd Cavadın məzarı da yoxdur. Onun qalıqlarının tapılması çox çətindir. Bu bizim üçün böyük əhəmiyyət daşıyır. Bu bizə ona görə lazımdır ki, doğum günündə, anım günündə, xüsusi dövlət bayramlarında onun məzarını ziyarət edək. Bir müddət axtarış getdi, sonra dayandırıldı. Biz ümid edirik ki, nə vaxtsa onun qalıqları tapılıb dəfn olunacaq. Əhməd Cavadın məzarı bütün türk dünyasındadır. Şimalı Kiprdən Çin səddinə kimi Əhməd Cavadın məzarıdır. Əhməd Cavad öz yaradıcılığını, həyatını türk dünyasına həsr edib, Azərbaycanın müstəqilliyi üçün öz canını qurban verib”.
 
Bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.
 
O daha sonra əlavə edib:
“Əhməd Cavadın Şəmkir rayonunun mərkəzində heykəli var. Təəssüflər olsun ki, Bakı şəhərinin mərkəzində Əhməd Cavadın heykəli yoxdur. Çox ümid bağlayıram ki, tezliklə Bakıda Əhməd Cavadın heykəli ucaldılacaq. Əhməd Cavadın gələn il 135 illiyidir. Heykəl bu il hazırlansa, gələn il doğum günündə açılışı olsa çox möhtəşəm olar. Biz bunu böyük həvəslə gözləyirik. 2022-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində Əhməd Cavadın heykəli ucaldıldı. Çox gözəl, möhtəşəm bir heykəldir. Həmin heykəlin qarşısındakı parka Əhməd Cavad adı verildi. Həmin ildə Gürcüstanın paytaxtı Tbilisidə də Əhməd Cavadın adına küçə açıldı. Bu da əbəs yerə deyildi. Gürcü yazıçısı Şota Rustavellinin məşhur “Pələng dərisində pəhləvan” əsərini gürcü dilindən Azərbaycan dilinə Əhməd Cavad tərcümə edib. Əhmə Cavadın adını daşımaq, onun varisi olmaq mənim üçün böyük qürur və şərəfdir. Mən bu adı doğrultmağa çalışıram və bacardığım qədər ən yüksək zirvələrdən səsləndirirəm. Bu gün çox qürurverici haldır ki, azad olunmuş torpaqlarda Əhməd Cavadın sözlərini qələmə aldığı dövlət himnimiz səsləndirilir”, - deyə Cavad Axundzadə bildirib.
 
Qeyd edək ki, bu gün istiqlal şairi Əhməd Cavadın 134 yaşı tamam olur.
Избранный
18
moderator.az

1Источники