ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elçin Bayramlı / sosioloq
Son vaxtlar internetdə, xüsusilə sosial şəbəkələrdə ciddi və narahatedici vəziyyət yaranıb. Virtual dünya tam nəzarətsizdir və burada istənilən məzmun rahatlıqla paylaşılır. Paylaşılan materialların bir çoxu cəmiyyətin, xüsusilə də uşaqların psixologiyasına, şüuruna və düşüncə tərzinə ciddi zərər vurur. Bu məzmunlara əxlaqsızlıq, narkomaniyanın təbliği, zərərli vərdişlərin təşviqi, aqressiv davranışlar və müxtəlif uyğunsuzluq halları daxildir. Qeyd etmək lazımdır ki, internetin digər resurslarında da vəziyyət ürəkaçan deyil. Onlayn qumar oyunlarından tutmuş cinayətkarlığın təbliğinədək olan geniş diapazonda çoxsaylı təhlükəli platformalar fəaliyyət göstərir.
Məsələnin əsas mühüm tərəfi sosial şəbəkə platformaları ilə bağlıdır. Bu platformalar arasında ən riskli hesab edilənlər xüsusilə “TikTok” və “Instagram”dır. Təəssüf ki, bu şəbəkələrdə vəziyyət artıq nəzarətdən çıxıb. İstənilən şəxs istədiyi məzmunu sərbəst şəkildə paylaşa, canlı yayımlar aça bilir. Bu prosesdə çoxsaylı uşaqlar və yeniyetmələr də iştirak edir. Hətta onların bir qismi şərhlərdə açıq şəkildə yaşlarını etiraf edirlər. Belə ki, 10, 12, 14 və s. yaşlarda olan istifadəçilərin sayının artığı müşahidə olunur. Bu isə açıq şəkildə uşaqlara nəzarətsizliyin göstəricisidir.
Sosial media platformalarından nəzarətsiz şəkildə istifadə nəticəsində uşaqların və yeniyetmələrin davranışlarında mənfi tendensiyalar müşahidə olunur. Bu hallar ailədə, məktəbdə və ümumilikdə cəmiyyətdə özünü göstərir: aqressiya artır, etik normalar pozulur, mənəvi dəyərlərə zidd olan davranışlar çoxalır. Eyni zamanda, sosial media platformaları və bəzi video-oyunlarındakı məzmunlarda zorakılıq hallarının normallaşdırılması nəticəsində uşaq cinayətkarlığında da artım müşahidə edilir. Hətta, bəzi psixotron təsirlər uşaqlar arasında intihar hallarına belə gətirib çıxarır.
Bu problemlə bağlı artıq dünyada ciddi müzakirələr aparılır. Bir çox ölkələrdə uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyətlər tətbiq olunmağa başlayıb, 18 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəyə icazə verilmir. Bu istiqamətdə ölkələr qərarlar ardıcıl şəkildə qərar qəbul edir. Azərbaycanda da bu məsələ uzun müddətdir müzakirə olunur və hesab olunur ki, sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Müxtəlif texniki vasitələrlə məhdudiyyətlər tətbiq olunmalı, eyni zamanda, müəyyən cəza mexanizmləri nəzərdə tutulmalıdır. Xüsusilə, azyaşlıların sosial şəbəkələrə çıxışına şərait yaradan valideynlərin məsuliyyəti artırılmalıdır. Bundan əlavə, məqsədəuyğun olardı ki, şagirdlər məktəbi bitirənə qədər onların smartfondan istifadəsi məhdudlaşdırılsın. Əlaqə üçün smartfonlar əvəzinə sadə telefonlardan istifadə oluna bilər. İnternet resurslarından isə yalnız müəllim və ya valideyn nəzarəti altında, faydalı məqsədlərlə istifadə edilməlidir.
Son vaxtlar uşaqlardan sui-istifadə halları da artır. Bəzi valideynlər uşaqlarını sosial mediada məşhurlaşdırmaq və onlar üzərindən maddi qazanc əldə etməyə çalışır. Həmçinin “xəstə uşaq” adı ilə video yayıb pul toplamaq kimi hallara rast gəlinir və sonradan bu hallarının bir çoxunun saxtakarlıq olduğu üzə çıxır. Bu isə cəmiyyətdə etimadı sarsıdır və həqiqətən yardıma ehtiyacı olan insanlara dəstək göstərilməsinə mənfi təsir edir.
Bütün bunlar cəmiyyətin sosial münasibətlərinə, uşaqların psixologiyasına və ümumi kriminal vəziyyətə mənfi təsir göstərir, sağlam gələcək üçün ciddi təhlükə yaradır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bu sahə ciddi nəzarətə götürülməlidir. Xüsusilə “TikTok” və “Instagram” kimi platformalarda nəzarət mexanizmləri gücləndirilməlidir. Uşaqlar və yeniyetmələr virtual mühitdən mümkün qədər uzaq tutulmalı, qaydaların pozulması halında isə məsuliyyət tədbirləri görülməlidir.
Əsas məsuliyyət isə valideynlərin üzərinə düşür. Valideynlər və məktəb müəllimləri uşaqların internet fəaliyyətinə daim nəzarət etməli, onların hansı resurslardan istifadə etdiklərindən xəbərdar olmalıdırlar. Nəticə etibarilə, uşaqlar yalnız faydalı məqsədlərlə və böyüklərin nəzarəti altında internetdən istifadə etməlidir. Əks halda, nəzarətsiz və sərhədsiz internet mühiti uşaqlar və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.