RU

Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq?

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Cari tədris ilinin qəbul planına uyğun olaraq 6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə); 152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə) komissiyalar da fəaliyyət göstərməyəcək. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev də kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcəyini bildirmişdi. Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq: “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. 

Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”. 

Bir sıra pedaqoji ixtisasların, o cümlədən bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə qəbulun dayandırılması tədricən kolleclərin bağlanmasına gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu, artıq keçən ildən başlayan bir tendensiyadır: 

“Belə ki, ötən il ibtidai sinif müəllimliyi üçün qəbulu dayandırdılar. Bu il isə fiziki tərbiyə müəllimliyi üçün qəbulu dayandırdılar. Artıq pedaqoji kadr hazırlığı ilə bağlı yalnız məktəbəqədər qalıb. Fikrimcə, gələn il bu ixtisasa da qəbul dayandırılacaq. Çünki müəllimlərin ali təhsilli olması prinsip kimi götürülüb. 

Ona görə də yəqin ki, yaxın vaxtlarda biz onu da müşahidə edəcəyik. Sadəcə olaraq kolleclərin universitetlərin nəzdində olmasından istifadə edib universitetlərin bazalarında kollecləri subbakalvr pilləsinə çevirsələr, daha yaxşı olar. Bu, həm də məntiqli olar”. O bildirib ki, Azərbaycanda kollec anlayışı heç nə demir: 

“Çünki kollecləri bitirənlər əmək bazarnda da özünə yer tapa bilmir. Sadəcə olaraq orada çalışanlar özlərinə müvəqqəti iş yeri, tələbələr də bir trampilin kimi baxırlar. Yəni fikirləşirlər ki, kolleci müvəfq nəticələrlə bitirsinlər, ali təhsil müəssisələrinə imtahansız qəbul olsunlar. Bu gün kolleclərin funksiyası ancaq bundan ibarətdir”. 

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə, müəllim qruplarında kollec bitirən fiziki tərbiyə müəllimlərinin işdən kənarlaşdırılacağı ilə bağlı mənzərə yaradılır: 

“Ancaq əminliklə deyə bilərəm ki, bu baş verməyəcək. Çünki hələ ki, bu məsələ ibtidai sinif müəllimlərinə də şamil olunmadı. Sadəcə olaraq bundan sonrakı mərhələlər üçün qəbul dayandırılır”. 

Избранный
13
2
cebheinfo.az

3Источники