RU

Kremlin ərazisi tamamilə bağlanacaq

Moskvada 9 May Qələbə Günü tədbirləri ərəfəsində təhlükəsizlik tədbirləri sərtləşdirilib. Rusiya Federal Mühafizə Xidməti (FSO) bildirib ki, həmin gün Kreml ərazisi ziyarətçilər üçün tamamilə bağlanacaq.

VAXT.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, qərara əsasən, mayın 9-da Prezident alayının atlı və piyada qarovulunun ənənəvi təntənəli dəyişmə mərasimi də keçirilməyəcək. Mərasim hər il yay mövsümündə Qırmızı Meydanda təşkil olunur.

FSO daha əvvəl bildirmişdi ki, bu mərasim 2005-ci ildən etibarən yaz-yay mövsümündə hər həftə şənbə günləri keçirilir və yalnız 2020-ci ildə pandemiya səbəbilə dayandırılmışdı.

Qırmızı Meydanda keçiriləcək 9 May paradında bu il hərbi texnika nümayişi olmayacaq. Eyni zamanda hərbi məktəblərin – o cümlədən Suvorov, Naximov və kadet korpuslarının kursantlarının iştirakı da ləğv edilib.

Vladimir Zelenski bu dəyişiklikləri şərh edərək bildirib ki, Moskvanın belə addımları mümkün təhlükəsizlik riskləri və pilotsuz uçuş aparatları (PUA) ilə bağlı narahatlıqlarla əlaqələndirilə bilər.

Rusiya Müdafiə Nazirliyi 8–9 may tarixlərində müvəqqəti atəşkəs elan edib və xəbərdarlıq edib ki, bu rejim pozularsa, cavab zərbələri endirilə bilər.

Buna paralel olaraq, Ukrayna tərəfi də “sükut rejimi” elan edib və qarşılıqlı hərəkət prinsipinə uyğun davranacağını bildirib.

Ukrayna paytaxtı Kiyevdə isə son günlər mobil internet və rabitə məhdudiyyətləri ilə bağlı tədbirlərin tətbiq olunduğu bildirilir.

9 May ərəfəsində həm Moskva, həm də Kiyevdə təhlükəsizlik və hərbi-siyasi gərginlik fonunda tədbirlər sərtləşdirilir. Bu isə regionda vəziyyətin hələ də həssas olaraq qaldığını göstərir.

Избранный
16
vaxt.az

1Источники