RU

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycan aqroholdinqləri ilə əməkdaşlığa başlayır

Avstriya Kənd Təsərrüfatı Klasteri (“Austrian Agricultural Cluster”) Azərbaycan fermerləri və aqroholdinqləri ilə əməkdaşlığa başlamaq üzrədir.

Bunu qurumun Baş meneceri Hermann Vizer bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində deyib.

O əvvəlcə təmsil etdiyi qurum haqqında məlumat verib: “Təmsil etdiyim qurum ixrac yönümlü assosiasiyadır. Biz damazlıq heyvanlar, heyvandarlıq üçün yaşayış sistemləri, yem təminatı və ümumilikdə ət və süd istehsalı ilə bağlı geniş çeşiddə həllər təklif edirik.

Bununla yanaşı, emal texnologiyaları sahəsində də fəaliyyət göstəririk. “Berch” şirkəti vasitəsilə kəsim məntəqələri, ət emalı zavodları və süd məhsulları istehsal edən fabriklər təklif edirik. Hazırda Bakıda Avstriyanın Ticarət Nümayəndəliyi ilə birgə fəaliyyət göstəririk”.

Hermann Vizer qeyd edib ki, sərgi çərçivəsində və sərgidən kənarda bir sıra görüşlər keçirirlər:

“Bu görüşlər çərçivəsində Azərbaycan fermerləri və aqroholdinqləri ilə əməkdaşlığa başlamaq üzrəyik. Açığını desəm, Azərbaycanda keçirilən sərginin səviyyəsi bizi xoş təəccübləndirdi. Burada texnologiyanın yüksək inkişaf səviyyəsini və məhsulların keyfiyyətini müşahidə etdik. Biz hesab edirik ki, kənd təsərrüfatında səmərəliliyin artırılması, eləcə də ət və süd istehsalı və emalında keyfiyyətin yüksəldilməsi istiqamətində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Məhz bu səbəbdən buradayıq”.

O eyni zamanda, Avstriya ilə Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanlar görürdüklərini vurğulayıb:

“Artıq Azərbaycan şirkətləri ilə bir sıra görüşlər keçirmişik və bu görüşlər çərçivəsində konkret əməkdaşlıq imkanlarını müzakirə etmişik. Biz yalnız məhsul və xidmət təqdim etmirik, həm də təlim və təhsil proqramları təklif edirik. Bu proqramlar həm Avstriyada, həm də Azərbaycanda təşkil oluna bilər. Bundan əlavə, onlayn formatda da təlim və təhsil imkanlarımız mövcuddur”.

MənbəTREND
Избранный
22
banker.az

1Источники