RU

Borxesin xəyalındakı Cənnət və... - Seyran Səxavət

Vallah-billah, dilimiz balaca dil deyil, qısır, yoxsul deyil. Elə olsaydı, bu dildə zəngin mədəniyyət, böyük söz sənəti yaratmaq mümkün olmazdı. Bu dil "aciz" olsaydı, Seyran Səxavət boyda qüdrətli yazıçını yarada bilməzdi. Balaca dil böyük sənət yarada bilməz axı!

Bilirsiniz, hər ərlik qızın xəyalında bir "ağ atlı igid", hər oğlanın xəyalında bir ağ donlu mələk var. Xoşbəxt olmaq haqqında hamı düşünür; buna hamının haqqı var. Ancaq xoşbıxt olmağın da vaxtı var. Ailə qurmağın da yaşı var; bundan tez olanda olmur, bilirsiniz. Hətta nikaha yaşı çatmayanların evlənməsinə cəza da düşür.

Borxesin xəyalındakı Cənnət və... Seyran Səxavət

Dilin də "reproduktiv" potensialı gərək dünyaya böyük ədəbiyyat gətirməyə imkan versin.

Seyran Səxavətə məxsus Azərbaycan türkcəsində bu cür yetənək, belə imkanlar var. Səbail Mərkəzi Kitabxanasındakı görüşdə buna bir daha əmin oldum.

Əziz oxucu, soruşa bilərsən ki, buna əmin olmaq üçün mütləq kitabxanaya getmək lazımdır?!

 Borxesin xəyalındakı Cənnət və... Seyran Səxavət

...Bəli, mütləq kitabxanaya da getmək lazım idi, mən də getdim. Əslində kitabxanaya hər gün olmasa da, hərdən getmək lazımdı.

...Mən isə bu dəfə gedib gördüm, Seyran Səxavət oxucuları başına toplayıb, onlara toplumun dərdindən-tasasından, öz həyatından, yaradıcılığndan danışır.

Əslində HƏYAT YARADICILIĞI ədəbi yaradıcılıqdan öndə gəlir. Hərçənd Seyran Səxavət ilk şeirlərini yazanda, özünün də dediyi kimi, hələ təzə-təzə "cücərirdi". Yaradıcılığa başlayanda hələ həyatın nə olduğunu da təzə-təzə başa düşürdü. Yaşamağa hazırlaşdığı bir ömrü başdan -birinci səhifədən oxuyub öyrənirdi. Düz səksən ildi, öyrənir, hələ də öyrənməli çox şey olduğunu da bilir. Bunu da oxuculardan gizlətmir. Ümumiyyətlə, içi-çölü bir olan yazıçının oxucusundan gizli nə sirri olacaq?! Seyran Səxavət də öz "mətbəxinin" sirlərini səxavətlə bölüşür.

Borxesin xəyalındakı Cənnət və... Seyran Səxavət

O, Yazıçılar Birliyində bildiyi işi görür; ədəbiyyata yeni gələnlərə, yaxud yenilənmək istəməyən köhnələrə məsləhət verir. İşinin adı da budur: məsləhətçi.

Ancaq o, Yazıçılar Birliyinin içindəki kimi çölündə də məsləhətçidir. "Ədəbiyyat xalqı" onu işə götürüb, əli çatana kömək əlini uzadır. Oxucularla budəfəki görüşdə də yeni şair "kəşf elədi: " Şeirlərini göndər, kömək edərəm, jurnalda çap edərlər",-dedi.

Kitabxana ortamında - bu qədər zəngin və gözəl məkanda adam daha da xeyirsevər olar, elə deyil?!

...Bakının tıxaclarını bilirsiniz; məni bir az yubatmışdı. Gedib, "hadisə" yerinə" çatanda, gördüm, bu, elə əsl hadisədir - dırnaq işarəsi içində olmayan hadisə.

Yekə-yekə danışanların ifadəsi ilə desək, kontingent (pah!) çox unikal idi: görüşə xanımlar gəlmişdi. Cəmi iki kişi vardı, qapını açıb içəri keçdim, olduq üç.

Bu qədər gözəllik və biz...

Seyran Səxavət demişkən, belə "müsibəti Alçah hər kişinin başına gətirsin!"

Ortamı belə görəndə Xorxe Luis Borxes yadıma düşdü: Argentinalı Söz dühası cənnəti kitabxana kimi təsəvvür edirdi.

Seyran Səxavət, bax, Borxesin dediyi həmin o cənnətə düşmüşdü. Ətrafında Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin... huriləri, mələkləri dolaşırdı. Biri şeir oxuyurdu, o biri sual verirdi, hamısı da bir yerdə yazıçının zarafatlarına yekdilliklə gülürdü. Axırda yazıçı MKS-in direktoru Nərmin Xəlilovadan səmimi təbrik və görüş üçün təşəkkür də aldı.

Adama daha nə lazımdır?!

Bir sözlə, çox maraqlı keçdi bu görüş... Axırda "ev yiyələri" süfrə də açdılar, naz-nemət də düzdülər...

Görüş zalındakı şirin söhbətlər çay və şirniyyat masasında davam elədi.

Bir az əvvəl Seyran Səxavət Dostoyevskinin bir fikrini təkzib eləmişdi; demişdi ki, dünyanı Fyodor Mixayloviçin iddia elədiyi kimi, gözəllik xilas etməyəcək, dünyanı sevgi xilas edəcək. Amma, baxdım, gördüm, heç özü bu yığcam və səliqəli kitabxanada qarşılaşdığı sevginin gözəlliyindən "xilas olmaq" istəmir.

Yadımızdadırmı, Çingiz Abdullayev nə söyləmişdi. Dekişdi: "Cənnətə getmək istəmərəm, bütün maraqlı adamlar cəhənnəmdədir" .

Düşünürəm, Çingiz Abdullayev Borxesin Səbaildəki Cənnətinə bircə dəfə "düşsə", o saat başa düşər ki, səhv düşünür. Dünyasını dəyişməmiş bu fikrini dəyişərdi.

Nə isə. Ədəbiyyat "general"ının axirət xəyallarını bir yana qoyaq, qayıdaq qəhrəmanımıza.

Seyran Səxavət özünü Sözün əsgəri bilməsəydi, bu qədər romanlar, povestlər, pyeslər, hekayələr yaza bilərdimi?! Yox, təbii ki. Yazıçının təkcə elə "Nekroloq" romanı Seyran Səxavət olmağa bəs edərdi. Bunun da söhbəti getdi kitabxanadakı görüşdə. Dünyaya çıxarılası möhtəşəm mətndir. Eləcə də, " Yəhudi əlifbası"...

Nəsə ürəyimə damıb: Seyran Səxavət yolunu yenə də "Borxesin cənnət"indən salacaq. Elə bilirəm, səksən yaşını tamamlamış yazıçı öz oxucuları ilə bu görüşdən doymadı...

 

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi 

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Избранный
1
1
moderator.az

2Источники