ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin müşayiət olunması üzrə planlaşdırılan əməliyyatla bağlı İranı əvvəlcədən məlumatlandırıb.
"Report" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Ağ Ev bazar günü gəmilərin Hörmüz boğazından müşayiət olunması üzrə ABŞ-nin qarşıdan gələn əməliyyatı ilə bağlı İranı məlumatlandırıb və Tehrana müdaxilə etməməsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.