RU

Tbilisidə azərbaycanlı alimin 75 illik yubileyi qeyd olunub

Tbilisi, 5 may, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidəki M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli azərbaycanlı alim, şair və ictimai xadim Valeh Hacıyevin (Valeh Hacılar) 75 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın və Gürcüstanın tanınmış ziyalıları, elm adamları və tələbələr iştirak ediblər.

Mərkəzin rəhbəri Rezo Həsənov çıxış edərək, V. Hacıyevin həyat və yaradıcılığından söz açıb, alimin irsinin gənclər üçün örnək olduğunu bildirib.

Həmçinin şair, publisist Rafiq Hümmət, professor Şürəddin Məmmədli, Gürcüstan parlamentinin sabiq deputatları İsak Növruzov, Ruslan Hacıyev, Ramiz Bəkirov, şair Şövkət Dağlarqızı, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və alimin tələbələri çıxış edərək, onun yaradıcılığının, pedaqoji fəaliyyətinin ayrı-ayrı hissələri ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, V. Hacıyevin gürcü ədəbiyyatı və mədəniyyəti ilə bağlı araşdırmaları Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilib və o, “Şərəf” ordeni ilə təltif olunub. Həmçinin V.Hacıyevin Azərbaycan və Gürcüstan ədəbi mühiti arasında əsl körpü rolunu oynadığı diqqətə çatdırılıb.

Sonra V.Hacıyevin Ulu Öndər Heydər Əliyevlə görüşlərindən, Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışından, eləcə də həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, V. Hacıyev 1951-ci ildə Gürcüstanın Borçalı bölgəsinin Darbaz kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Dillər İnstitutunda təhsil alıb. Uzun illər Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü – akademik seçilib. O, 2010-cu ildə vəfat edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
20
1
azertag.az

2Источники