RU

Bakı–Roma əməkdaşlığının yeni tərəfləri

Azərbaycan–İtaliya münasibətləri artıq diplomatik dialoq və enerji əməkdaşlığı çərçivəsini aşaraq, çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib. Bu inkişafın arxasında həm regional geosiyasi reallıqlar, həm də tərəflər arasında qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları dayanır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Respublikası Şurasının sədri Ciorcia Meloni dövründə bu münasibətlər yeni mərhələyə keçid edib və enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı kimi önəmli sahələri əhatə edir. Son dövrlərdə isə münasibətlərin gündəliyi tədricən klassik enerji iqtisadiyyatından çıxaraq müdafiə sənayesi və logistika kimi sahələrə doğru genişlənir ki, bu da tərəfdaşlığın texnoloji inteqrasiya xarakteri aldığını göstərir.

Bu strateji strukturda hərbi-texniki əməkdaşlıq prioritet istiqamət kimi mühüm yer tutur. Burada ən çox diqqətçəkən “Alenia Aermacchi M-346” təlim-döyüş təyyarələridir. Bu platforma pilotların 4-cü və 4+ nəsil döyüş aviasiyasına hazırlanmasında istifadə olunur və müasir hərbi aviasiya standartlarına keçid baxımından vacib mərhələ hesab edilir. Açıq mənbələrdə qeyd olunan məlumatlara görə, Azərbaycan bu tip təyyarələrin artıq bir hissəsini (10 ədəd) əldə edib və əlavə tədarük planları da mövcuddur. Bu fakt ölkənin hava qüvvələrinin kadr və texniki hazırlıq sistemində keyfiyyət dəyişikliklərinin baş verdiyini nümayiş etdirir.

Hərbi ekspert Şair Ramaldanov mətbuata verdiyi açıqlamada bu keçidin əhəmiyyətini belə vurğulayıb: “M-346” təyyarəsi müasir qırıcıların və digər aviasiya vasitələrinin parametrlərinə uyğun dizayn edilib. Azərbaycan pilotlarının məhz bu təyyarələrdə təlimi son dərəcə vacibdir”.

Bu təlim təyyarəsi həm də hərbi məqsədlər üçün effektiv istifadə edilə bilər. Təyyarə 500 kiloqram yük daxil olmaqla, havadan quruya hədəflənən silahları daşımaq qabiliyyətinə malikdir. Erməni hərbi ekspert Van Hambardsumyanın fikrincə, bu təyyarələr Ermənistanın hərbi hava sistemlərini sıradan çıxarmaq gücünə malik olan Türkiyənin uzaq mənzilli “SOM-B1” raketlərini daşımaq qabiliyyətinə malikdir. Bu texnoloji üstünlük Azərbaycanın HHQ potensialını əsaslı şəkildə dəyişən strateji amil kimi çıxış edir.

Eyni zamanda, hərbi-nəqliyyat aviasiyası sahəsində də əməkdaşlıq genişlənir. Xüsusilə “C-27J Spartan” tipli təyyarələrin əldə olunması Azərbaycanın taktiki-logistik imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Mürəkkəb relyef şəraitində yük daşımaları, paraşüt-desant əməliyyatları və humanitar missiyalar üçün nəzərdə tutulan bu platforma çoxfunksiyalı istifadə imkanları ilə seçilir. Belə müasir sistemlərin inteqrasiyası təkcə texniki yenilənmə deyil, həm də ordunun əməliyyat doktrinasında çevikliyin artması deməkdir.

Yada salaq ki, 2023-cü ildə İtaliyanın “Leonardo S.p.A.” şirkəti ilə bu təyyarələrin alınmasına dair strateji müqavilə imzalanıb. Razılaşma iki ölkənin müdafiə qurumları arasında aparılan uzunmüddətli texniki müzakirələrin uğurlu nəticəsidir. Sözügedən müqavilə Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı modernləşdirmə proqramının tərkib hissəsi olmaqla yanaşı, rəsmi Bakı tərəfindən Qərb hərbi texnologiyalarına keçid istiqamətində atdığı ən mühüm addımlardan biri kimi dəyərləndirilir.

Qeyd edək ki, “C-27J Spartan” taktiki hərbi-nəqliyyat seqmentində özünü dünyada təsdiqləmiş çoxməqsədli platformadır. İlk uçuşunu 1999-cu ildə həyata keçirib və 2006-cı ildə istismara verilib, ABŞ da daxil olmaqla bir sıra aparıcı ölkələrin arsenalında yer alıb. Təyyarə paraşüt-desant əməliyyatları, taktiki yük daşımaları, xüsusi təyinatlı qüvvələrin dəstəyi, humanitar missiyalar və fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi geniş spektrli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək qabiliyyətinə malikdir.

2024-cü il iyunun 26-da Bakıda ilk “C-27J Spartan” təyyarəsinin təqdimatı isə Azərbaycan–İtaliya hərbi-texniki əməkdaşlığının praktik mərhələyə keçdiyini nümayiş etdirdi. Bəs bu təyyarələr ordumuza nə kimi üstünlüklər verir? Bu texnologiyalar ordunun əməliyyat çevikliyini və müxtəlif döyüş şəraitlərinə uyğunlaşma qabiliyyətini əsaslı şəkildə artırır. Taktiki əməliyyatların planlaşdırılmasında çevik dəstək elementi kimi çıxış edərək, ordunun qlobal təhdidlərə və hərbi çağırışlara daha qısa zamanda reaksiya verməsinə zəmin yaradır. Xüsusilə Azərbaycanın mürəkkəb coğrafi relyefi, o cümlədən dağlıq ərazilərdə manevr imkanlarının genişlənməsi ölkənin müdafiə potensialının güclənməsində həlledici amilə çevrilir. Bu müasir platformalar daha yüksəklikdə və çətin hava şəraitində qoşunların fasiləsiz təchizatını, yaralıların təxliyəsini və xüsusi təyinatlı bölmələrin operativ yerdəyişməsini təmin edir.

Bu proses həm də Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına yaxınlaşması, logistika, rəqəmsal əməliyyat idarəetməsi və texniki təminat zəncirində tamamilə yeni, innovativ yanaşmaların formalaşmasına şərait yaradır. İtaliya ilə qurulan hərbi-texniki tərəfdaşlıq təkcə silah sistemlərinin alınması deyil, həm də həmin sistemlərin idarə olunması üçün yüksəkixtisaslı kadrların hazırlanması deməkdir. Məsələn, 2025-ci ilin noyabrında İtaliyanın Çerviya şəhərində keçirilən birgə ekspert görüşü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dağlıq ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına və taktiki uçuşların koordinasiyasına həsr olunmuş bu tədbir hərbi təhsil ilə praktiki bacarıqların vəhdətini nümayiş etdirərək tərəflər arasında əməliyyat uyğunluğunu yeni səviyyəyə qaldırıb.

Bundan başqa, Azərbaycan İtaliya müdafiə sənayesinin son nailiyyətləri, xüsusilə “Leonardo S.p.A.” tərəfindən hazırlanan və qeyri-rəsmi olaraq “Mikelancelo günbəzi” adlandırılan yeni nəsil hava hücumundan müdafiə sistemi ilə də maraqlanır. Süni intellekt əsaslı bu sistemin müxtəlif platformalarla inteqrasiya imkanları və NATO standartlarına tam uyğunluğu, onun gələcəkdə qlobal bazarda ciddi üstünlük qazandıracaq. Belə yüksək texnologiyalara çıxış perspektivi Azərbaycanın hava məkanının müdafiəsi üçün də strateji imkanlar vəd edir. Bu çərçivədə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə tarixi səfəri ikitərəfli bağların keyfiyyətcə yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına misilsiz töhfə verəcək. Prezident İlham Əliyev ilə mətbuata bəyanatında Ciorcia Meloninin qeyd etdiyi kimi: “Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq”.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq İlqar Hüseynli bildirdi ki, İtaliya texnologiyalarının Azərbaycan Ordusuna inteqrasiyası həm kadr hazırlığı, həm də infrastruktur baxımından hərbi gücümüzün intellektual və texniki bazasını modernləşdirir: “Bu əməkdaşlıq yalnız Azərbaycanın müdafiə qüdrətini artırmır, həm də regional sabitliyin qarantı kimi çıxış edərək bölgədə kənar təhdidlərin qarşısının alınmasında və təhlükəsizlik arxitekturasının qorunmasında həlledici rol oynayır. Azərbaycan–İtaliya müdafiə əməkdaşlığı artıq epizodik xarakterli deyil, sistemli və uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilib. Silah və texnika tədarükü, hərbi təhsil, birgə təlimlər və texnoloji mübadilə prosesləri paralel şəkildə inkişaf edir. Kadr hazırlığı, təcrübə mübadiləsi və hərbi-texniki sənaye sahəsində birgə layihələr sonrakı dövrdə əlaqələrin genişlənməsi üçün əsas platforma rolunu oynayır.

Bu inteqrasiya Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşmasını sürətləndirir, operativ imkanlarını genişləndirir və bütövlükdə ölkənin müdafiə qabiliyyətini yeni səviyyəyə yüksəldir. İtaliya bu gün Azərbaycanın yalnız ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Избранный
6
50
xalqqazeti.az

10Источники