RU

Bild: Putin 9 May paradı öncəsi Moskva ətrafında “qorxu halqası” yaradır...

Kreml pilotsuz uçuş aparatları təhlükəsinə görə paytaxtın müdafiəsini gücləndirir və təhlükəsizlik tədbirlərini sərtləşdirir...

Poliqon xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Paradı ərəfəsində Moskva ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirir. Məqalədə qeyd olunur ki, Kreml pilotsuz uçuş aparatları (PUA) hücumları ehtimalından ciddi narahatlıq keçirir və paytaxtın müdafiəsini gücləndirir.

Bild-in məlumatına görə, müharibə artıq Rusiya arxa cəbhəsində də hiss olunur və Moskva əvvəlki kimi tam təhlükəsiz zona hesab edilmir. Nəşr iddia edir ki, 9 May Qırmızı Meydanda keçiriləcək parad bu il hərbi texnikasız təşkil edilə bilər ki, bu da təhlükəsizlik riskləri ilə əlaqələndirilir.

Eyni zamanda, bəzi müxalif media orqanlarına istinadən bildirilir ki, Moskva və Sankt-Peterburqda mobil internet xidmətləri 9 May tarixinə qədər məhdudlaşdırılıb. Rəsmən təsdiqlənməyən bu addımın PUA-ların mobil şəbəkələr vasitəsilə istiqamətlənə bilməsi ehtimalı ilə əlaqələndirildiyi iddia olunur. Şəhərlərdə artıq rabitə, taksi xidmətləri və bank tətbiqlərində fasilələr qeydə alındığı bildirilir.

Avropa kəşfiyyatına istinad edən nəşr iddia edir ki, Vladimir Putin həm mümkün PUA hücumları, həm də daxili sabitliyə qarşı potensial təhlükələrdən narahatdır. Bu çərçivədə Moskva ətrafında yeni hava hücumundan müdafiə zolağının formalaşdırıldığı qeyd olunur. Peyk görüntülərinə əsasən, 2025-ci il ərzində paytaxt ətrafında təxminən 43 xüsusi zenit müdafiə qülləsinin qurulduğu iddia edilir.

Bundan əlavə, Rusiya bölgələrindən hava hücumundan müdafiə sistemlərinin Moskva istiqamətinə cəmləşdirildiyi və paytaxtın müdafiəsinin prioritet elan edildiyi bildirilir. Məqsədin strateji obyektlərin və siyasi mərkəzin qorunmasının gücləndirilməsi olduğu qeyd olunur.

Məlumatda həmçinin 2026-cı ilin martında imzalanan yeni qanuna diqqət çəkilir. Həmin sənədə əsasən, özəl mühafizə şirkətlərinə kritik infrastrukturun, xüsusilə enerji obyektlərinin qorunması üçün döyüş silahlarından istifadə icazəsi verilib. Bu addımın da PUA təhdidlərinə qarşı əlavə təhlükəsizlik mexanizmi kimi qiymətləndirildiyi bildirilir.

Analitiklərin fikrincə, bu iddialar Rusiya daxilində təhlükəsizlik narahatlığının artdığını göstərir və 9 May ərəfəsində Moskvanın yüksək hazırlıq rejiminə keçdiyinə işarə edir.

Poliqon.info

Избранный
108
poliqon.info

1Источники