Çinin kiçik miqyaslı şirkətləri ABŞ-nin sanksiyalarına məhəl qoymayaraq, İran və Rusiyaya ikili təyinatlı dron komponentlərinin ixracını açıq şəkildə davam etdirir.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin araşdırmasına görə, bu tədarüklərə mühərriklər, akkumulyatorlar, fiber-optik kabellər və mikrosxemlər daxildir.
Araşdırmada qeyd olunur ki, Çinin "Xiamen Victory Technology" kimi şirkətləri hətta Almaniya texnologiyası əsasında hazırlanan "L550" dron mühərriklərini bazara çıxarıb.
Bu mühərriklərin son regional münaqişələrdə geniş istifadə olunan İranın "Şahed-136" zərbə pilotsuz təyyarələri ilə birbaşa əlaqəli olduğu bildirilir.
ABŞ rəsmiləri bu ticarət dövriyyəsinin qarşısını almağın olduqca çətin olduğunu etiraf edirlər. Bunun əsas səbəbi dron istehsalında qlobal tədarük zəncirləri vasitəsilə asanlıqla daşınan adi kommersiya detallarından istifadə edilməsidir. Əksəriyyəti kiçik firmalar olan Çin tədarükçüləri Amerika sanksiyalarına qarşı dayanıqlıdırlar və getdikcə daha fəal şəkildə fəaliyyət göstərirlər.
Musavat.com