ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.
Bu sözləri AZƏRTAC-a açıqlmasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Aybəniz Əliyeva deyib.
O, Prezident İlham Əliyevin Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsini dəstəklədiyini xatırladaraq qeyd edib ki, bu, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Həmçinin Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə toplantısına əvvəlcədən dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul olunması diplomatik qarşılıqlılıq prinsipinin real ifadəsidir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edib. Bu yanaşma, sadəcə, diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir. Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub”, - deyə İctimai şuranın üzvü bildirib.
Ölkəmizin Avropa Şurası ilə münasibətlərinə də toxunan A.Əliyeva vurğulayıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı tətbiq edilən məhdudiyyətlər ədalətli yanaşma ilə uzlaşmır. Xüsusilə bu qərarın 2023-cü ilin sentyabr hadisələrindən sonra qəbul olunması onun siyasi mahiyyətini açıq şəkildə göstərib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır. Eyni zamanda, Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı sənədlər selektiv yanaşmanın göstəricisidir. Bu reallıq beynəlxalq institutların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Azərbaycan parlamentinin Avropa strukturları ilə əməkdaşlığa yenidən baxması suveren siyasi qərardır. “Ümumiyyətlə, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir. Beləliklə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və tarazlı siyasət yürütdüyünü bir daha nümayiş etdirdi”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.