RU

Bakı və İrəvanın “gizli razılaşması”- 1066 km-dən cəmi 13-ü... 

Sərhəd məsələsinin yaxın zamanlarda həll olunması real görünmür; Paşinyan hökumətinin ən çox hansı məsələ “yuxusunu ərşə çəkib”?

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana ötən həftə etdiyi səfər sərhədlərin müəyyənləşməsi ilə bağlı prosesin ləng getdiyini təsdiqlədi. Yada salaq ki, Azərbaycanın Ermənistanla sərhədinin uzunluğu 1066 kilometrdir. Bunun da cəmi 13 kilometri delimitasiya olunub. Demarkasiya çətin və vaxt aparan prosesdir. Çünki müxtəlif xəritələr var, bəzilərində bir sıra pozuntular var və s. Elə dövrlər olub ki, ermənilər qanunsuz olaraq sərhədi irəli çəkərək Azərbaycan ərazilərinə daxil olublar.

Ekspertlərə görə, Ermənistandakı daxili siyasi vəziyyətdə Nikol Paşinyan hökuməti də bu prosesin yubanmasında maraqlıdır. Bir məqamı da nəzərə almalıyıq ki, Ermənistanın Gürcüstanla sərhədləri tam delimitasiya olunmayıb. O üzdən, delimitasiyanın uzun vaxt aparacağına təbii yanaşmaq da olar. Ermənilərin yalançı hay-küyünə baxmayaraq, əvvəla, sərhədlərin delimitasiyası prosesi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq aparılır və bu, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqedir. Amma razılaşaq ki, 2024-cü ildən bəri başlayan proses çox zəif gedir.

Ermənistandakı bəzi dairələr iddia edir ki, 2024-cü ildən bu günə qədər delimitasiya və demarkasiya çərçivəsində baş verən dəyişikliklər gizli saxlanılır. İddiaya görə, nəticədə ümumi hesabla təxminən 5,9 kvadrat kilometr ərazi Azərbaycanın, 0,5 kvadrat kilometrdən az ərazi isə Ermənistanın nəzarətinə keçib.

Gizli saxlanıldığı iddia olunan ərazi dəyişiklikləri iddiaları adətən siyasi manipulyasiya elementi olur. Delimitasiya prosesində kiçik sahələrin tərəflər arasında keçməsi normaldır, çünki sərhəd hüquqi əsasla “sıfırdan” müəyyənləşdirilir. Amma bu prosesin şəffaf olmaması ictimai etimadı azaldır və siyasi spekulyasiyalara zəmin yaradır.

Bəs bundan sonra nə olacaq? Delimitasiya olunan sərhədlərin uzunluğu artacaqmı, yoxsa yalnız sülh sazişi imzalanacağı halda bu proses sürətlənəcək?

O Keçmiş nazir - Medianews.az" />

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, sərhədlərin dəqiqləşdirilməsi iki ölkə arasındakı münasibətlərdə ən mühüm məsələdir: “Bu gün bu delimitasiya zamanı ortaya çoxsaylı suallar çıxır ki, bu da prosesi bir xeyli zəiflədir. Bu ən azından ona görə baş verir ki, ermənilər zaman-zaman müxtəlif yollarla bizim bəlli sərhədlərimizə daxil olub, ərazilərimizi özününküləşdiriblər. Onlar bunu həm sovetlər dönəmində, həm də müstəqillik illərində ediblər. Məsələn, Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyib ki, Zəngəzur Ermənistana verilərkən Mehridən keçən dəhlizin eni 10 kilometrdən çox olmayıb. Ancaq bu gün həmin dəhlizin eni 45 kilometr uzunluqdadır. Bu nə deməkdir? Deməli, ermənilər tək bu sərhədlərdə deyil, digər sərhədlərimizdə də eyni oyunu oynayıblar. Ona görə sərhədlərin müəyyənləşdirilməsi istiqamətində bu gün aparılan işlər yetərincə mürəkkəbdir. Bu prosesin siyasi tərəfləri Ermənistanın indiki hakimiyyətini ciddi narahat edir. Çünki delimitasiya zamanı vaxtilə yağmalanmış və ermənilər tərəfindən Ermənistan torpaqları kimi tanınan ərazilər geri qaytarıldıqca, revanşistlər bundan Paşinyan hakimiyyətinə qarşı bir silah kimi istifadə edəcəklər. O səbəbdən, sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər zamanı aşkara çıxarılan faktlar hələlik ictimailəşdirilmir”.

Ekspert hesab edir ki, sərhədlərin dəqiqləşdirilməsi istiqamətində işlər Ermənistanda parlament seçkilərindən sonra sürətlə aparılacaq: “Çünki seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında paraflanmış sülh müqaviləsinin təsdiq olunması kimi mühüm bir məsələ öz həllini tapmalıdır”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsi regionda sülhün yaranmasının həlledici nüanslarından biri olaraq qalır: “1066 kilometrlik sərhədin cəmi 13 kilometrinin hüquqi baxımdan müəyyənləşdirilməsi faktı göstərir ki, proses hələ ilkin mərhələdədir. Bununla bağlı yaxın perspektivdə sürətli irəliləyiş gözləmək real görünmür. Bu ləngimə yalnız texniki çətinliklərlə bağlı deyil, həm də siyasi məsələlərlə əlaqədardır. Birincisi, delimitasiya məsələsi sırf xəritə üzərində aparılan texniki prosedur deyil. Prosesdə istifadə edilən xəritələr isə ziddiyyətlidir. Buna görə də bəzi ərazilərdə faktiki sərhəd xətti ilə hüquqi sərhəd arasında fərqlər var. Bu isə prosesi son dərəcə mürəkkəbləşdirir. Ona görə də hər bir kilometr üzrə ayrıca razılaşma tələb olunur. Nəticədə tərəflər ehtiyatlı davranmağa və problemin həllinin yubanmasına səbəb olurlar. Bu mənada delimitasiyanın yavaş getməsi müəyyən mənada anlaşılandır. Lakin məsələnin siyasi tərəfi daha az əhəmiyyət daşımır. Ermənistanda daxili siyasi sabitliyin kövrək olması və hökumətin ictimai təzyiqləri nəzərə alaraq riskli qərarlardan yayınmağa çalışması prosesi ciddi şəkildə ləngidir. Hazırda Paşinyanın hakimiyyəti üçün hər bir sərhəd razılaşması daxili auditoriyada güzəşt kimi təqdim olunur. Bu da əlavə siyasi risk yaratdığından rəsmi İrəvanın delimitasiyanı mərhələli və mümkün qədər uzadılmış şəkildə aparmaq istəyi istisna deyil. Digər tərəfdən, Bakı üçün delimitasiya prosesi yalnız texniki məsələ deyil, həm də postmünaqişə dövründə formalaşan yeni reallıqların hüquqi təsbitidir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan sərhədlərin müəyyənləşdirilməsində maraqlıdır, lakin prosesin sürəti ilə bağlı tələskənlik nümayiş etdirmir. Bu isə tərəflər arasında qeyri-rəsmi razılaşma kimi görünür”.

F.Yusifov onu da dedi ki, gizli razılaşma iddiaları daha çox daxili siyasi manipulyasiya xarakteri daşıyır: “Delimitasiya prosesində kiçik ərazi dəyişiklikləri mümkündür. Beynəlxalq praktikada bu normal hal sayılır. Lakin prosesin tam şəffaf aparıla bilməməsi Ermənistan ictimaiyyətində müxtəlif şübhələrə yol açır.

Gələcək perspektivə gəldikdə isə delimitasiya prosesinin taleyi böyük ölçüdə sülh sazişinin imzalanmasından asılı olacaq. Əgər tərəflər arasında hərtərəfli sülh razılaşması əldə olunarsa sərhədlərin müəyyənləşdirilməsi prosesi daha rəvan gedə bilər. Çünki belə bir sənəd qarşılıqlı etimadı artırar və texniki məsələlərin daha operativ həllinə şərait yaradar. Əks halda, delimitasiya indiki kimi yavaş, epizodik səviyyədə davam edəcək. Hazırkı vəziyyət göstərir ki, sərhəd məsələsinin yaxın müddətdə tam həllini tapması çətindir. Prosesin sürətlənməsi üçün həm texniki baza, həm də siyasi iradə tələb olunur. Əks halda, 13 kilometrlik göstəricinin artması simvolik xarakter daşıyacaq və ümumi mənzərəni köklü şəkildə dəyişməyəcək".

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
1
9
musavat.com

10Источники