İslam İnkişaf Bankı (IsDB) Qrupu indiyədək Azərbaycanda layihələrin maliyyələşdirilməsinə təqribən 1,8 milyard ABŞ dolları ayırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə IsDB Qrupunun Prezidenti Məhəmməd Əl-Casir bildirib.
"Tərəfdaşlıq Azərbaycanın 1992-ci ildə bankın səhmdarı olduğu vaxtdan bəri üç onillikdən çox bir dövrü əhatə edir. O vaxtdan bəri IsDB qrupu kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında 84 layihə üzrə təxminən 1,8 milyard dollar maliyyələşmə ayırıb", - o bildirib.
Onun sözlərinə görə, layihələrin əksəriyyəti artıq başa çatıb: "Bununla belə, hazırda 11 layihə icra mərhələsindədir və onların ümumi dəyəri 635,9 milyon ABŞ dolları təşkil edir. Başa çatmış layihələrin bir çoxu müstəqil qiymətləndirmədən keçib və nəzərəçarpacaq, uzunmüddətli nəticələr nümayiş etdirib. Cari layihələrin də, xüsusilə kənd təsərrüfatı torpaqlarını su ilə təmin edən suvarma kanallarının inkişafı, ev təsərrüfatlarının təmiz suya çıxışının genişləndirilməsi, sanitariya sistemlərinin modernləşdirilməsi və ticarətin maliyyələşdirilməsi vasitəsilə biznesə dəstək hesabına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir". (Report)