RU

“Tarixçiliyin tarixi”, “Divlərin şavaşı”... Xaləddin İbrahimlinin iki araşdırması çap olunub

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə yaşayan professor Xaləddin İbrahimlinin 2024-2025-ci illərdə “Tənqidi Düşüncə”, “Psixologiyada təməl nəzəriyyələr”, “Divlərin savaşı” adlı üç böyük əsəri çap olunub.

“AzPolitika” xəbər verir ki, bu kitablar Türkiyə universitetlərində müəllim və tələbələrin ən çox istifadə etdiyi dərsliklər sırasındadır. Aprel ayında isə Bakıda “KitabAl” nəşriyyatında müəlllifin iki monoqrafiyası dərc olunub: “Tarixçiliyin tarixi” və “Divlərin savaşı”.

Bugünkü informasiya əsrində tarix sadəcə keçmişin xronologiyası deyil, həm də düşüncə tərzidir. “Tarixçiliyin tarixi” kimi əsərlər də oxucunu bir sual üzərində düşündürür: tarix yazmaq nə deməkdir?

Bu kitab tarix elminin yaranmasından başlayaraq keçdiyi mürəkkəb inkişaf yolunu sistemli və anlaşıqlı şəkildə təqdim edir. Antik dövrdə Herodot və Fukudid kimi ilk tarixçilərin yanaşmalarından tutmuş, müasir dövrdə analitik və tənqidi tarix yazımına qədər uzanan geniş bir panoram təqdim olunur. Oxucu yalnız hadisələri deyil, bu hadisələrin necə və niyə bu şəkildə yazıldığını da öyrənir.

Müəllif tarixçiliyin inkişafını sadəcə faktların ardıcıllığı kimi deyil, həm də düşüncə məktəblərinin qarşılıqlı təsiri kimi izah edir. Maarifçilik dövrünün rasional yanaşması, XIX əsr pozitivizmi və XX əsrdə formalaşan yeni metodoloji istiqamətlər – bütün bunlar kitabda elmi ardıcıllıqla şərh olunur. Bu isə oxucuya tarixi yalnız “nə baş verdi?” sualı ilə deyil, “biz bunu necə bilirik?” prizmasından da anlama imkanı verir.

Bu əsər yalnız akademik auditoriya üçün nəzərdə tutulmayıb. Tarix fakültəsi tələbələri, müəllimlər, tədqiqatçılar və ümumilikdə tarixə maraq göstərən hər bir oxucu üçün dəyərli bələdçi rolunu oynayır. Burada həm elmi dərinlik, həm də oxunaqlılıq balansı qorunub saxlanılıb.

Onu da qeyd edək ki, kitabın son iki fəsli Türkiyə və Azərbaycan tarixçiliyinə həsr olunub.

Dünyanın gələcəyi harada yazılır – Vaşinqtonda, yoxsa Pekində? Müasir dövrdə qlobal siyasətin mərkəzində dayanan əsas suallardan biri budur: XXI əsrə kim liderlik edəcək? “Divlərin savaşı” adlı kitab məhz bu sualın ardınca gedərək iki nəhəng güc – ABŞ və Çin arasında gedən çoxşaxəli rəqabəti oxucuya geniş və analitik prizma ilə təqdim edir.

Əsərdə iqtisadiyyatdan texnologiyaya, hərbi gücdən ideoloji təsirə qədər uzanan rəqabət sahələri detallı şəkildə araşdırılır. Xüsusilə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü, onun qlobal təsir dairəsini genişləndirmək istiqamətində atdığı strateji addımların nümunəsi kimi təqdim olunur. Bu layihə sadəcə iqtisadi, texnoloji deyil, eyni zamanda geosiyasi güc balansını dəyişdirməyə yönəlmiş uzunmüddətli planın tərkib hissəsi kimi qiymətləndirilir.

Digər tərəfdən, ABŞ-nin mövcud dünya düzənini qorumaq istiqamətində apardığı siyasət, dolların qlobal hegemonluğu və hərbi üstünlüyü vasitəsilə verdiyi reaksiyalar da kitabda diqqətlə təhlil olunur. Müəllif göstərir ki, bu qarşıdurma açıq müharibədən daha çox “səssiz savaş” xarakteri daşıyır – texnologiya, ticarət və diplomatiya sahələrində.

Kitabın ən cəlbedici tərəflərindən biri isə onun futuroloji yanaşmasıdır. Müəllif yalnız mövcud vəziyyəti təsvir etmir, həm də gələcək ssenariləri – əməkdaşlıq, soyuq qarşıdurma və ya açıq konflikt ehtimallarını analiz edir. Oxucuya belə bir mesaj verilir: dünya düzəni artıq dəyişməkdədir və bu dəyişikliklərin istiqamətini anlamaq hər zamankından daha vacibdir.

“Divlərin Savaşı” yalnız geopolitika ilə maraqlanan mütəxəssislər üçün deyil, həm də dünyanın gələcəyini anlamaq istəyən hər bir oxucu üçün yazılıb. Sadə, lakin analitik dili ilə mürəkkəb prosesləri anlaşıqlı şəkildə izah edən bu əsər, oxucunu qlobal güc mübarizəsinin mərkəzinə aparır.

Bu kitabı oxuduqdan sonra bir şey aydın olur: gələcək artıq uzaqda deyil – o, bu gün baş verən hadisələrin, verilən qərarların içində formalaşır.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
azpolitika.info

1Источники