RU

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

Avropada, xüsusilə yaz aylarında elektrik enerjisinin qiymətləri bəzən sıfırın altına düşür. Bu vəziyyət əsasən günəş enerjisinin kəskin artması ilə bağlıdır.

Çexiyanın “osel.cz” xəbər portalının məlumatına görə, aprel və may ayları günəş elektrik stansiyaları üçün ən əlverişli dövrdür. Günlər uzanır, günəş daha yüksəkdə olur və hava çox isti olmadığı üçün panellər daha səmərəli işləyir. Nəticədə günorta saatlarında çox böyük həcmdə elektrik istehsal olunur. Məsələn, Çexiyada günəş enerjisi bəzi vaxtlarda ölkənin elektrik tələbatının əhəmiyyətli hissəsini qarşılayır. Almaniyada isə vəziyyət daha kəskindir, burada qurulmuş günəş və külək enerjisi gücü bəzi günlərdə ölkənin ümumi tələbatını belə üstələyir. Bu zaman artıq elektrik ya ixrac olunur, ya da istehsal məhdudlaşdırılır. Bu artıqlıq elektrik bazarında qiymətlərin kəskin düşməsinə səbəb olur. Bəzi hallarda qiymətlər hətta mənfi olur, yəni istehsalçılar elektrik vermək üçün pul ödəyirlər. 2026-cı ilin yazında qiymətlər rekord səviyyədə -500 avro/MWh həddinə qədər düşüb. Mütəxəssislərin fikrincə, bu vəziyyət bir neçə problem yaradır. Belə ki, elektrik şəbəkəsinin idarə olunması çətinləşir, şəbəkənin gücləndirilməsi və balanslaşdırılması üçün əlavə xərclər artır, günəş və külək kimi dəyişkən mənbələr bir-birinin gəlirini azaldır, dövlət subsidiyaları olmadan bu tip layihələrin gəlirliliyi azalır. Digər tərəfdən, nüvə elektrik stansiyaları kimi sabit mənbələr elektriklərini əvvəlcədən müqavilələrlə satdıqları üçün bu dalğalanmalardan daha az təsirlənir.

Ümumilikdə, bərpaolunan enerjinin sürətli və plansız artımı uzunmüddətli perspektivdə enerji sistemində yeni risklər yaradır. Buna görə də bəzi ölkələr daha balanslı enerji siyasətinə və nüvə enerjisinin inkişafına yenidən diqqət yetirməyə başlayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
74
11
azerbaijan-news.az

10Источники