RU

Boris Xetaqurovun “Futbolda 50 il” kitabının təqdimatı keçirilib

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun “Futbolda 50 il” adlı kitabının təqdimat mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbir Azərbaycan İdman Akademiyasında təşkil olunub. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Boris Xetaqurovun futbol sahəsində 50 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib, daha sonra onun peşəkar fəaliyyəti barədə məlumat verilib.

Çıxış edən Fərid Qayıbov tədbirin veteranlar və gənc nəsil üçün önəm daşıdığını vurğulayıb. Nazir qeyd edib ki, Boris Xetaqurov uzun illər “Neftçi” klubunda və Azərbaycan millisində fəaliyyət göstərərək idmana böyük töhfə verib.

Zemfira Meftahətdinova isə yüksək səviyyəli idmanda həkimlərin rolunun əvəzsiz olduğunu bildirib və B.Xetaqurova uzun ömür və cansağlığı arzulayıb.

Veteran futbolçu Oqtay Abdullayev kitabın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Nazim Süleymanov isə B.Xetaqurovla bağlı xatirələrini bölüşərək onun Azərbaycan futbolunun inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonda çıxış edənlər Boris Xetaqurovun idman tibbi sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək ona fəaliyyətində uğurlar arzulayıblar.

Избранный
65
90deqiqe.az

1Источники