Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib.
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib:

“Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir.
Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub.
Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”.
Seymur ƏLİYEV