ABŞ Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün vahid süni intellekt (Al) infrastrukturunun yaradılmasına 46 milyard dollar xərcləməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə RIA Novosti Pentaqonun büdcə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda ABŞ ordusunun süni intellekt sistemləri müxtəlif qurumlar arasında parçalanmış şəkildə fəaliyyət göstərir. Pentaqon isə bu imkanları vahid, məxfi və tam dövlət nəzarətində olan sistemdə birləşdirməyi nəzərdə tutur.
Ən böyük xərclər superkompüterlərin və süni intellekt üçün ixtisaslaşdırılmış çiplərin alınmasına yönələcək – bu istiqamət üçün 29,5 milyard dollar ayrılması planlaşdırılır.
12,3 milyard dollar məlumat mərkəzlərinin tikintisi və modernləşdirilməsinə sərf olunacaq. Buraya soyutma sistemləri, enerji təminatı və məxfi məlumatlarla işləmək üçün xüsusi qorunan infrastruktur daxildir.
Daha 4,2 milyard dollar modul tipli data mərkəzləri, kabel şəbəkələri və kriptoqrafik avadanlıqların alınmasına ayrılıb.
Pentaqon həmçinin süni intellektin hərbi çəkindirmə proqramlarına inteqrasiyası üçün 2,4 milyard dollar, hərbi əməliyyatlarda Sİ tətbiqi üçün isə 500 milyon dollar nəzərdə tutur.
Bundan əvvəl, mayın 1-də ABŞ Müdafiə Nazirliyinin bir sıra aparıcı texnologiya şirkətləri ilə süni intellekt sistemlərinin hərbi sahədə istifadəsinə dair sazişlər imzaladığı bildirilmişdi.
Poliqon.info