N.Həmzəyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri buna nümunədir. “Dövlət başçısı qeyd etdi ki, bu, antiterror tədbirləri Şuşa əməliyyatına bərabər idi. Bu da o deməkdir ki, Azərbaycan Ordusu daha da güclənib. Azərbaycan bütün strateji yüksəklikləri özündə saxlayıb. Ermənistanın Azərbaycana güc nümayişi, qalib gəlməsi faktiki olaraq düzgün deyil. Əksinə hər dəfə Ermənistanın təxribatlara əl atması özlərinin rəzil vəziyyətə düşməsinə gətirib çıxaracaq”. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Cənab Prezident müsahibə zamanı insanları düşündürən bir çox sualı təfsilatlı şəkildə cavablandıraraq vacib məqamlara geniş yer verib. 