Gürcüstanın Marneuli şəhərində bıçaqlanma hadisəsi ilə bağlı Türkiyə vətəndaşı saxlanılıb.
Musavat.com yerli mediaya istinadən xəbər verir ki, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1982-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı M.İ.-ni sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə həbs ediblər.
İstintaqla müəyyən olunub ki, hadisə qarşılıqlı mübahisə zəminində baş verib. Belə ki, təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək 1988-ci il təvəllüdlü A.M.-yə və 1992-ci il təvəllüdlü R.V.-yə müxtəlif bədən xəsarətləri yetirib.
Məlumata görə, yaralılardan A.M.-yə hadisə yerində tibbi yardım göstərilib. Digər zərərçəkən – R.V. isə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxsi hadisədən qısa müddət sonra saxlayıblar.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Şahanə Rəhimli
Musavat.com