PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, Fransa və Almaniya nəhəngləri arasında ötən gecə Münhendə baş tutmuş cavab görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İlk oyunda 5:4 hesablı qələbəyə sevinmiş Paris klubu finala yüksəlib. Luis Enrike matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, çox yüksək səviyyəli matç idi. Oyuna inamlı başladıq, qoldan sonra isə daha çox imkanlarımız yarandı. Yenidən necə komanda olduğumuzu göstərdik və lazım olduğu kimi çıxış etdik. Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır. Biz çox xoşbəxtik”.
İspaniyalı mütəxəssis finala qədər asan yol keçmədiklərini bildirib:
“Püşk bizi ən çətin rəqiblərlə üz-üzə qoydu. Necə ki, tez-tez olur. Buna baxmayaraq, yenə bir final oynayacağıq. Bu, klub üçün tarixi məqam və Çempionlar Liqasını qazanmaq uğrunda mübarizəni davam etdirmək baxımından şansdır. Ötən il tarix yazdıq və indi həmin impulsu qorumaq, kluba müsbət emosiyalar gətirmək istəyirik”.
Luis Enrike finalda qarşılaşcaqları “Arsenal” və onun baş məşqçisi Mikel Arteta haqda da fikirlərini bildirib:
“Arteta ilə çox yaxşı münasibətim var. Çünki o, çox gənc vaxtlarında “Barselona”da mənimlə komanda yoldaşım olub. Əla komanda qurub, bir neçə ildir orada çalışır və necə məşqçi olduğunu görmək mümkündür. Çətin olacağını başa düşürəm. Amma biz öz oyun üslubumuza və məqsədlərimizə inanırıq. Əminəm ki, sona qədər mübarizə aparacağıq”.
Xatırladaq ki, PSJ ilə “Arsenal” arasında final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
