RU

Nitin Şarma: Məqsəd Orta Dəhlizi müasir rəqəmsal ekosistemə transformasiya etməkdir

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Şərq və Qərb arasında aparıcı rəqəmsal mərkəzə çevrilmək üçün unikal fürsətə malikdir. Orta Dəhliz boyunca yükdaşımalarının proqnozlaşdırılan artımı ilə rəqəmsal ticarət standartlarına keçid çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı “TradeTech” təşəbbüsünün Azərbaycan üzrə layihə meneceri Nitin Şarma verib.

O, “TradeTech” strategiyasının Azərbaycan üçün təqdimatı zamanı nəqliyyat və logistika sektorunun ölkə iqtisadiyyatındakı rolunu vurğulayıb. Menecerin sözlərinə görə, ticarət Azərbaycanın ümumi daxili məhsulunun 84 faizini təşkil edir və bu, həmin sektorda istənilən optimallaşdırmanı iqtisadi artım üçün güclü rıçaqa çevirir.

Şarma əlavə edib: “Orta Dəhliz yaxşı `artım nümayiş etdirir. 2024-cü ildə bu marşrut üzrə ticarət həcmi 4,5 milyon ton təşkil edib və 2027-ci ilə qədər onun 10 milyon tona çatacağı gözlənilir. Kağız əsaslı sənədlər bu həcmləri tam daşıya bilmir. Buna görə də, indi rəqəmsallaşmaya genişmiqyaslı investisiyalar üçün ideal vaxtdır”.

Layihə meneceri vurğulayıb ki, Azərbaycan artıq bu keçid üçün möhkəm təməl yaradıb. Gömrükdə süni intellektin tətbiqi sayəsində yüklərin fiziki yoxlamalarının payı 20 faizdən də az səviyyəyə endirilib. Bundan əlavə, elektron imzaların uğurlu tətbiqi və onların Türkiyə ilə qarşılıqlı tanınması sərhədyanı ticarət üçün yeni üfüqlər açır.

N. Şarma bildirib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Dördüncü Sənaye İnqilabı Mərkəzi (C4IR) ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2025-ci ildə təsdiq edilmiş Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası təhlil olunub. Maraqlı tərəflərlə dərin məsləhətləşmələr əsasında 10 əsas tövsiyə hazırlanıb.

“Məqsədimiz Orta Dəhlizi fiziki marşrutdan müasir rəqəmsal ekosistemə çevirməkdir. Bu, təkcə nəqliyyatın səmərəliliyini və sürətini artırmayacaq, həm də Azərbaycanı qlobal ticarət marşrutu xəritəsində daha rəqabətədavamlı edəcək”, - deyə “TradeTech”in nümayəndəsi sözlərini yekunlaşdırıb.

Orta Dəhlizin rəqəmsallaşdırılması mövcud inzibati maneələri aradan qaldıracaq və regionda ticarət əməliyyatlarının şəffaflığını və inklüzivliyini təmin edəcək.

Müxbir – Pərvanə Qafarova
Foto – Səfiyar Məcnun
Избранный
15
1
azertag.az

2Источники